- , 22 Dekabr, 2024
Tarix: 05.08.2024 17:04
Pakistanın Azərbaycandakı Səfirliyində Hindistan tərəfindən Cəmmu və Kəşmirin xüsusi statusunun ləğvinin 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, əvvəlcə tədbirdə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin bu gün ilə bağlı xalqa müraciəti səsləndirilib.
Hökumət başçısı bəyan edib ki, Hindistan tərəfindən illərlə həyata keçirilən aqressiv üsullar regionda insan hüquqlarının pozulmasına və BMT-nin bu məsələ ilə bağlı qətnamələrin icra edilməməsinə səbəb olub.
Səfir Qasım Mohiuddin Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycan xalqına müraciətini səsləndirib.
Müraciətdə adı çəkilən ölkənin dövlət başçısı Cəmmu və Kəşmir probleminin uzun illərdir davam etdiyini və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, hələ də həllini tapmadığını diqqətə çatdırıb:
"Hindistan uzun illərdir Cəmmu və Kəşmiri işğal edərək, yerli əhalinin öz yurdlarında təhlükəsiz yaşamaq hüququ və digər hüquq və azadlıqlarının pozulmasına səbəv olan çoxsaylı hərəkətlərə yol verib. Beynəlxalq hüquqa zidd olaraq, Hindistan ordusu hələ də regiondan çıxarılmayıb. Hindistanın törətdiyi hüquqazidd əməllərin səbəb olduğu humanitar böhran həm beynəlxalq ictimaiyyət, həm də BMT tərəfindən rəsmən tanınıb. Mən bugünkü fürsətdən istifadə edib haqq işimizin dünyaya çatdırılmasına dəstək göstərdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirəm".
Səfir vurğulayıb ki, ölkəsi yaranmış problemin sülh yolu və beynəlxalq ədalət prinsipləri əsasında həllinə sadiqdir:
"Pakistan bu münaqişənin sülh və Cənubi Asiyada sabitlik prinsipləri əsasında nizamlanmasına sadiqdir. Biz beynəlxalq ictimaiyyəti də bu niyyətimizə bağlı olduğunuza inandırmaq istəyirik".
Daha sonra Cəmmu və Kəşmir probleminin mahiyyətini və Hindistan tərəfindən regionda insan hüquqlarının pozulması ilə nəticələnən addımları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə diqqətə çatdırılıb ki, Hindistan hökuməti 2019-cu ildə regionun xüsusi muxtariyyət statusunun ləğvi barədə qərar verib.
Bundan sonra ərazi genişmiqyaslı blokada ilə üzləşib. O da vurğulanıb ki, baş verənlər hər bir pakistanlının həyatına təsirsiz ötüşməyib.
Bununla bağlı Hindistan Konstitusiyasının 35A maddəsinin qüvvəsi dayandırılıb.
Tədbirdə qeyd olunub ki, ümumilikdə regionda baş verən münaqişə nəticəsində 1 milyondan çox pakistanlının fundamental hüquq və azadlıqları pozulub.