Paşinyan: ABŞ-la "Tramp marşrutu"nun icrası üzrə intensiv iş aparılır

Tarix: 27.10.2025 11:50

Hazırda ABŞ-la "Tramp marşrutu"nun layihəsinin icrası üzrə intensiv işlər aparılır.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Paşinyan qeyd edib ki, layihə həm ölkə, həm də region üçün yenidir, bir sıra incə məqamlar var və yaxın zamanda bütün problemlərin müzakirə edilərək həll ediləcəyinə əmin olduğunu vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, Azərbaycanla münasibətlər artıq gündəlik işimizin ayrılmaz tərkib hissəsinə çevrilib və əsas gündəlik məsələ sülhün qorunmasıdır.

“Ermənistan və Azərbaycan arasında sülh artıq fakt olaraq mövcuddur. Lakin biz həm də qəbul etməliyik ki, sülh bizim üçün yeni və tanış olmayan bir anlayışdır. Ermənistan öz müstəqilliyinin ilk günündən etibarən münaqişə şəraitində olub, hətta müstəqillikdən əvvəlki qısa dövrdə də əsasən konflikt mühitində yaşamışıq. Sülh şəraitində yaşamaq, sülhün tələblərinə uyğun düşüncə və davranış formalaşdırmaq asan iş deyil. Bu məsələyə diqqətlə yanaşmalıyıq və sülhün qorunması bizim üçün vacib prioritetdir”, - Paşinyan qeyd edib.

Xəbər Lenti