Tailandın Baş naziri Kamboca ilə danışıqlar aparmaqdan imtina edib

Tarix: 08 Dec 2025 14:25

Tailandın Baş naziri Anutin Çanvirakun sərhəddə gərginləşən vəziyyəti həll etmək üçün Kamboca ilə danışıqları istisna edib.

APA xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.

“Bu andan etibarən heç bir danışıqlar olmayacaq. Əgər biz döyüşləri dayandırmaq istəyiriksə, Kamboca Tailandın müəyyən etdiyi yolla getməlidir”, - Baş nazir qeyd edib.

O, Kamboca ilə sərhəddə vəziyyətin nizamlanmasına dair oktyabrda Kuala-Lumpurda imzalanmış birgə bəyannaməni xatırlamadığını vurğulayıb.

Qeyd edək ki, Tailand Kral Ordusu daha əvvəl Kamboca ilə sərhəddə baş verən toqquşmalarda bir Tailand əsgərinin öldüyünü, dördünün isə yaralandığını bildirmişdi. Ordunun məlumatına görə, Kamboca qüvvələri Tailandın mövqelərini atəşə tutub. Tailand Hərbi Hava Qüvvələri bazar ertəsi Kamboca Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Açıqlamaya görə, zərbələr hərbi infrastruktur, silah anbarları, komanda məntəqələri və logistika marşrutlarını hədəf alıb.

Tailand Kral Ordusunun İkinci Hərbi Bölgəsi, həmçinin Kambocanın Tailand ərazisinə BM-21 çoxsaylı buraxılış raket sistemləri atdığını bildirib. Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ASEAN-ın 47-ci Sammiti çərçivəsində Kambocanın Baş naziri Hun Manet və Tailandın Baş naziri Anutin Çanvirakun iki ölkə arasında sərhəd münaqişəsinin sülh yolu ilə həlli üçün gələcək addımları əks etdirən birgə bəyannamə imzalayıblar. Hər iki tərəf gərginliyin azaldılmasına, etimadın bərpasına və qarşılıqlı faydalı münasibətlərə yardım etmək öhdəliyini vurğulayıb.

Tailand Kamboca

Xəbər Lenti