WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində tədbirlər davam edir - FOTO

Tarix: 12.12.2025 01:21

Bu gün Bakıda Beynəlxalq Dağlar Günü münasibətilə "Alp dağlarından Qafqaz dağlarına, dağlıq bölgələrin gələcəyi: regional şəhər və qəsəbələr dayanıqlı inkişafın aparıcı qüvvəsi kimi” mövzusunda seminar keçirilib. APA xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) birgə tərəfdaşlığı ilə İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Seminar 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi "Azərbaycan Şəhərsalma Kampaniyası" (AUC2026) çərçivəsində təşkil olunub. Məqsəd dağlıq regionların dayanıqlı inkişafın sosial-iqtisadi sütunları olduğunu vurğulamaq, bu istiqamətdə ortaq çağırışları beynəlxalq ekspertlər ilə müzakirə etmək, şəhərsalma, turizm və mədəni irs əsaslı regenerasiya imkanlarını nəzərdən keçirməkdir.

Yerli və xarici ekspertlərin, mütəxəssislərin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların sahəvi əməkdaşlarının qatıldıqları tədbirdə müzakirələr regional əlaqələrin gücləndirilməsi, innovasiya, iqlimə adaptasiya, turizmin inkişafı, kənd təsərrüfatı və yaşayış mühitinin dayanıqlılığı mövzularını əhatə edib.

Seminardan sonra bugünkü müzakirələrin nəticəsi olaraq WUF13 üçün ekspert qrupu tərəfindən yol xəritəsi hazırlanıb. Mövzunu davam etdirmək məqsədilə iştirakçılar gələn ilin mart ayında ikinci seminarın keçirilməsi barədə razılığa gəliblər.

Komitə tərəfindən “Azərbaycan Şəhərsalma Kampaniyası” çərçivəsində müxtəlif mövzularda tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.

Xəbər Lenti