Gələn il Naxçıvanın ictimai nəqliyyat sistemi yenilənəcək

Tarix: 19 Dec 2025 17:08

Gələn ildən Naxçıvan Muxtar Respublikasının ictimai nəqliyyat sistemində yeniliklər tətbiq ediləcək.

“APA-Economics”in əldə etdiyi məlumata görə, yanvar ayından Naxçıvanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Regional İdarəsi fəaliyyətə başlayacaq.

İdarənin fəaliyyətə başlaması üçün Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ilə təhvil-təslim işləri aparılır. Təhvil-təslim işləri bitdikdən sonra həmin qurumun səlahiyyətləri AYNA-nın Regional idarəsinə ötürüləcək. Bundan sonra Bakıda və regionlarda olduğu kimi, Naxçıvanda da ictimai nəqliyyat, yollarda xətləmə, nişanlama və digər yol hərəkətinin təşkilinə aid olan məsələlər AYNA-nın səlahiyyətində olacaq. Məlumat üçün deyək ki, artıq İdarədə yeni vakansiyaların açıldığı elan edilib.

Əlavə olaraq, gələn ilin əvvəlindən Naxçıvanda Sumqayıt Kimya Sənaye Parkında istehsal olunmuş “BYD” markalı 60 ədəd elektrikli avtobus fəaliyyətə başlayacaq. Sözügedən avtobuslar “Bakubus” MMC-nin balansında fəaliyyət göstərəcək. Avtobuslarda NFC, Google Pay və Apple Pay vasitəsilə ödəniş mümkün olacaq. Eyni zamanda gələn ildən Naxçıvanın ictimai nəqliyyat sektorunda yeni ödəniş sistemi tətbiq ediləcək.

Xatırladaq ki, bu ilin sentyabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə AYNA-nın Nizamnaməsində dəyişiklik edilib. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Agentliyin vəzifəsi kimi müəyyən olunub.

Əşrəf Mehdiyev avtobus nəqliyyat region

Xəbər Lenti