Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 13:41
Bakı-Tbilisi-Qars layihəsi faktiki olaraq tamamlanıb və hazırkı mərhələdə onun istismara verilməsi üzrə işlər aparılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze bildirib.
Onun sözlərinə görə, hazırda istismara vermə və təhvil-təslim üçün lazımı sənədlərin hazırlanması prosesi gedir.
Abaşidze BTQ layihəsinin Gürcüstan üçün böyük önəm kəsb etdiyini vurğulayıb:
“Bu infrastruktur layihə bizi Türkiyə ilə birbaşa əlaqələndirəcək və Gürcüstan istiqamətində əlavə yük axınlarının cəlbinə imkan verəcək”. SC rəhbəri həmçinin bildirib ki, Orta Dəhlizin səmərəliliyinin və daşınmaların sürətinin artırılması istiqamətində iştirakçı ölkələrlə fəal iş aparılır.
“Dəhliz vasitəsilə Çindən konteyner daşımalarında artım təqribən 40-50% təşkil edir. Bu, kifayət qədər əhəmiyyətli artımdır. Biz yaxın illərdə daha çox artımın olacağını gözləyirik”, - Abaşidze əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili BTQ layihəsinin təntənəli açılışının çox tezliklə baş tutacağını bildirib.
Cəmilə Babayeva “Gürcüstan Dəmir Yolları” BTQ layihəsi Bakı-Tbilisi-Qars layihəsi