Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib - FOTO - YENİLƏNİB

Tarix: 24 Dec 2025 16:36

Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.

APA xəbər verir ki, forum çərçivəsində müxtəlif mövzuda panel müzakirələri keçirilib.

İlk panel müzakirə “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda baş tutub. Paneldə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete və Sabirabad şəhəri “Heydər” məscidinin imam müavini Yusif Bağırov iştirak ediblər.

Paneldə təhsil sistemində dini maarifləndirmə, etibarlı informasiya bazalarının yaradılması, süni intellektin təhsildə rolu və gənclərlə işin gücləndirilməsi məsələləri müzakirə olunub.

“Multikultural dəyərlər sistemi: Dövlət-Din münasibətlərinin hüquqi və mədəni aspektləri” adlı panel müzakirəsində Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Özbəkistanın Dini Məsələlər Komitəsi sədrinin birinci müavini Davronbek Maksudov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Süleyman” məscidinin imamı sosialogiya üzrə fəlsəfə doktoru Elnur Əzimli iştirak ediblər.

Müzakirələr zamanı dövlət tərəfindən mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliği, sekulyarizm və dindarlıq arasındakı düzgün yanaşmalar, Azərbaycanın dini və mədəni müxtəlifliyin harmoniyasını qoruması, multikulturalizmin tarixi və günümüzdəki tətbiqi məsələləri müzakirə olunub.

Daha sonra “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar” mövzusunda panel müzakirəsi keçirilib. Panelə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev moderatorluq edib. Müzakirədə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksey Smirnov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxış ediblər.

Paneldə gənclərin informasiya mühitindən təsirlənməsi, mediasiyanın rolu, dini tolerantlıq və vicdan azadlığı, eləcə də yeni maarifləndirmə metodlarının tətbiqi müzakirə olunub. Çıxışçılar gənclərin mənəvi və mədəni inkişafında ailənin, cəmiyyətin və dini institutların rolunu vurğulayıb.

Forum çərçivəsində daha bir panel müzakirə “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusuna həsr olunub. Panelin moderatoru Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova olub. Müzakirədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı iştirak ediblər.

Paneldə qadınların cəmiyyətdə rolu, dini maarifləndirmənin əhəmiyyəti, gender bərabərliyi və qadınların sosial inkişafına dini icmaların töhfəsi müzakirə olunub. Çıxışçılar dini maarifləndirmənin cəmiyyətdə savadlılığı artırmaq, qadın hüquqlarını qorumaq və sosial problemlərin həllinə dəstək vermək baxımından vacib olduğunu vurğulayıblar.

Hər dörd panel sual-cavab sessiyası ilə yekunlaşıb. Sonda moderatorlar panellər haqda yekun çıxışlar səsləndiriblər.

Sonda Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.

***

11:48

Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.

APA xəbər verir ki, forumda müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışı zamanı bildirib ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır.

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş bildirib ki, hazırda bir çox bölgələrdə münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də din qurumlarının birlikdə işləməsinin və birgə layihələr hazırlanmasının vacibliyini vurğulayıb.

Bakıda Azərbaycan Din Xadimlərinin II Forumunun açılışında çıxış edən Özbəkistan prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Özbəkistan Respublikası nümayəndə heyətinin bu nüfuzlu beynəlxalq forumda iştirakına dəvətə, habelə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə səmimi minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanın dövlət və din arasında tarazlaşdırılmış münasibətlərin təmin edilməsi sahəsində təcrübəsi diqqətəlayiqdir.

Tədbirdə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Yernur Aietkenov isə çıxışında Qazaxıstanın polietnik və çoxkonfessiyalı dövlət kimi dinlərarası razılaşma və vicdan azadlığını təmin etdiyi vurğulayıb. O bildirilib ki, ölkənin dünyəvi quruluşu və dini azadlıq prinsipləri uzunmüddətli tarixi ənənələrə və zəngin mənəvi irsə əsaslanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini Salman Musayev bildirib ki, Azərbaycanda televiziya məkanında din xadimlərinin çıxış etmək imkanı məhduddur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur . O qeyd edib ki, forumda yalnız bir dini mənsubiyyətə və ya konfessiyaya aid din xadimləri deyil, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların və dini icmaların nümayəndələri iştirak edirlər: "Forumda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə yanaşı, rus pravoslav və gürcü pravoslav kilsələrinin, lüteran kilsəsinin, eləcə də digər xristian dini icmalarının təmsilçiləri iştirak edir. Forumun məqsədi dini sahəyə dair aktual mövzuları müzakirə etməkdir”.

Qeyd edək ki, forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunub.

Gülcahan Məmmədova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimləri forum

Xəbər Lenti