Gələn il Kərkicahan qəsəbəsində 280 evin təmiri nəzərdə tutulur - FOTO

Tarix: 25 Dec 2025 15:26

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə media-tur təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, Kərkicahan qəsəbəsində evlərin təmiri ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib.

Qeyd olunub ki, Kərkicahan qəsəbəsində təmir işlərinə bu ilin may ayında başlanılıb. Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb.

İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin qəsəbəyə qayıdıb. Həmçinin qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

Elgün Gəncimsoy Xankəndi Kərkicahan qəsəbəsi

Xəbər Lenti