Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 11:42
İlk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək forumda bir çox dövlət və hökumət başçıları da daxil olmaqla 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir.
Bunu APA-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov bildirib.
“Əvvəlki WUF13 tədbirlərindən fərqli olaraq, forum çoxsaylı dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq. Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumun əsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxron tərcümə ilə təmin ediləcək”, - o vurğulayıb.
Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının BMT-nin Məskunlaşdırma Proqramı və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunan ən nüfuzlu beynəlxalq platformalardan biri olduğunu qeyd edən Eldar Rəsulov tədbirin yüksək səviyyədə təşkili məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 30 iyun 2025-ci il tarixində fəaliyyətə başladığını deyib: “Qısa müddət ərzində institusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması, əməliyyatların idarə olunması, nəqliyyat, marketinq və kommunikasiya kimi sahələr üzrə kompleks işlər həyata keçirilib”.
Forumun uğurla keçirilməsində könüllülərin də rolunu vurğulayan Rəsulov bu məqsədlə Könüllülər Mərkəzi yaradılıdığını və qeydiyyat dövründə 16 min müraciət qeydə alındığını bildirib: “Təlimdən uğurla keçən 2500 könüllü tədbirin müxtəlif sahələrində fəaliyyət göstərəcək”.
Tədbirin məkanı olaraq Bakı Olimpiya Stadionun seçildiyini və ISO 20121 standartına uyğun keçirilməsinin nəzərdə tutulduğunu deyən Rəsulov forum çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisində ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcəyini qeyd edib:
“WUF13 hər kəs üçün açıq olan bir platformadır, qeydiyyat isə ödənişsizdir. WUF13-də iştirak üçün qeydiyyat prosesi cari ilin sentyabr ayından BMT-Habitatın rəsmi internet səhifəsində başlanıb”.
O, forum zamanı iştirakçıların rahat şəkildə məkana gəlməsi üçün nəqliyyat məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb: "Nəqliyyat Mübadilə Mərkəzlərinin Baş Planı hazırlanıb və 11 nəqliyyat hub-ı müəyyən edilib. Marşrutların Heydər Əliyev Beynəlxalq Hava Limanı, otellər, şəhər mərkəzləri və Bakı Olimpiya Stadionu istiqamətləri üzrə xəritələnməsi işləri davam edir".
İlqar Xudiyev WUF13 Bakı BMT Ümumdünya Şəhərsalma Forumu








