Günel Anarqızı üç möcüzə haqqında - Fotolar

Tarix: 18 Jan 2024 14:11

Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə müharibə veteranları, qazilərin, şəhid övladları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirib ki, bu gün tam qətiyyətlə sizin xoşbəxt bir nəslin nümayəndələri olduğunuzu deyə bilərik: “Çünki sizin taleyinizə 3 möcüzəni öz gözlərimizlə görmək və yaşamaq nəsib olub. Bu möcüzələrdən biri - 44 günlük Vətən müharibəsi, ikincisi - 2023-cü ilin sentyabrındakı 1 günlük antiterror əməliyyatı, üçüncüsü isə - Xankəndində Azərbaycan bayrağının dalğalanmasıdır. Bu möcüzələri yaradan isə Prezident, Müzəffər Ali Baş komandan, cənab İlham Əliyev və onun sərkərdəliyi ilə Azərbaycan ordusudur”.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötdüyünu, həmin gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qıra bilinməyəcəyini nümayiş etdirdiyini bildirib: “Tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən Müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi”.

Sonra 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin balaca aktyorlarının ifasında “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda şəhid övladlarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çap edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” və Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilən “Bizim böyük qələbəmiz” adlı kitablar və tədbir təşkilatçılarının hədiyyələri təqdim edilib.

 

Xəbər Lenti