Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 18:03
Azərbaycanın beynəlxalq nüfuzu və dialoq imkanları yeni mərhələyə yüksəlib .
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.
Deputat deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən 35 il ərzində mürəkkəb tarixi sınaqlardan keçərək siyasi, iqtisadi və institusional inkişaf yolu qət edib: “Bu gün ölkəmiz yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq dialoqu, müxtəlif dövlətlər arasında əməkdaşlığın genişlənməsini təşviq edən tərəfdaş kimi tanınır. Azərbaycan regional və qlobal səviyyədə gündəliyin formalaşmasına töhfə verir. Dövlətimizin etibarlı tərəfdaş imici və Prezident İlham Əliyevin strateji baxışlarına uyğun iki və çoxtərəfli platformalarda aparılan fəaliyyətlər bunun üçün əsas yaradır.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin və artan rolunun göstəricilərini aydın şəkildə ortaya qoyur. Ölkənin iqtisadi potensialı, müstəqil xarici siyasəti və müxtəlif tərəfdaşlarla qurduğu münasibətlər beynəlxalq təşəbbüslərdə daha fəal iştirak üçün imkanlar yaradıb. Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi də bu siyasətin mühüm istiqamətlərindəndir. Bakıda keçirilən Forum müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrini, siyasi qərar qəbul edən şəxsləri və beynəlxalq təşkilatları ortaq problemlərin müzakirəsi üçün bir araya gətirir. Bu platforma qarşılıqlı anlaşmanın gücləndirilməsinə, stereotiplərin aradan qaldırılmasına və qlobal çağırışlara birgə yanaşmaların formalaşdırılmasına xidmət edir”.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu
Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycanın qarşıdakı illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin diplomatik imkanlarına və təşkilatçılıq potensialına göstərilən etimadın ifadəsidir: “2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünün Azərbaycanda keçirilməsi və ölkəmizin təşkilata sədrlik etməsi İslam dünyasında tutduğumuz mövqenin göstəricisidir. Digər tərəfdən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçirilməsi və sədrliyimizin daha iki il müddətə uzadılması Azərbaycanın müxtəlif regionları birləşdirən dialoq məkanı kimi rolunu təsdiqləyir. Gələn il dövlətimiz həmçinin Azərbaycan və Mərkəzi Asiay dövlət başçılarının Məşvərət görüşləri formatına – C6-ya sədrlik edəcək və növbəti, İX Məşvərət görüşünə ev sahibliyi edəcəkdir. 2028-ci ildə 47 Avropa dövlətini bir araya gətirən Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda təşkili də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirəcək. Bu tədbirlərin təşkili üçün Azərbaycanda zəruri siyasi zəmin, müasir infrastruktur və geniş beynəlxalq təcrübə mövcuddur. Ölkənin müxtəlif coğrafiyaları təmsil edən dövlətlərlə əməkdaşlığı beynəlxalq platformalarda ortaq maraqların müzakirəsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir. Həmçinin 2028-ci ildə Azərbaycan ilk dəfə Müstəqil Dövlətlər Birliyinə sədrlik edəcəkdir, bu məhz işğala son qoymaqla yaranmış yeni siyasi reallıqların nəticəsinin göstəricilərindəndir.”
Azərbaycan – etibarlı tərəfdaş və dialoq məkanı
Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunu yalnız ev sahibliyi etdiyi tədbirlərin sayı ilə ölçmək düzgün olmazdı: “Əsas məsələ bu platformaların hansı nəticələrə xidmət etməsi, ölkənin təşəbbüslərinin beynəlxalq əməkdaşlığa hansı töhfələri verməsi və tərəfdaşlarla münasibətlərin hansı prinsiplər əsasında qurulmasıdır. Belə ki, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və onların əsasında əməkdaşlıq mexanizmlərinin təklif edilməsi Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Həmçinin qarşıdurma və fərqli mövqelərdə olan dövlətlərin nümayəndələrinin Bakını dialoq məkanı kimi seçməsi də Azərbaycanın tərəfdaşlara münasibətlərə məhz dəyərlər əsasında sərgilədiyi yanaşma ilə bağlıdır. Azərbaycan heç bir siyasi düşərgəəyə qoşulmadan böyük və qlobal güclərlə milli maraqların təmininə xidmət edən praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq qurur. Nəticədə Azərbaycanın müstəqil xarici siyasəti, müxtəlif güc mərkəzləri ilə münasibətləri paralel inkişaf etdirməsi və dialoqa açıq mövqeyi ölkənin beynəlxalq əlaqələrini şaxələndirir. Mədəniyyətlərarası dialoqun təşviqi də bu siyasətin mühüm tərkib hissəsidir. Qarşıdakı illərdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ölkənin qlobal gündəlikdə iştirakını genişləndirmək, müxtəlif regionlar arasında əlaqələri gücləndirmək və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək üçün əlavə imkanlar yaradacaq. Bu kontesktdə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qayəsi dialoqla praktiki fəaliyyət arasındakı əlaqəyə xidmətdir. Forumun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusu beynəlxalq parçalanma, bərabərsizlik və qarşıdurmalar fonunda ortaq həll yollarının axtarışını nəzərdə tutur. Bu baxımdan əsas məsələ müxtəlif tərəflərin eyni platformada toplanması ilə kifayətlənməmək, müzakirələrin konkret təşəbbüslərə və ölçülə bilən nəticələrə çevrilməsidir”.
Azərbaycanın multikulturalizm modeli: tarixi irsdən beynəlxalq təcrübəyə
Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışının əsas məzmununu Azərbaycanın beynəlxalq dialoq platforması kimi təqdimatı, multikulturalizm ənənələri və qlobal əməkdaşlıq ideyası təşkil edir: “Azərbaycanın təqdim etdiyi tarixi-mədəni təcrübə bu müzakirənin mühüm hissəsidir. Forumun real nəticələri isə qarşılıqlı hörmətin, inklüzivliyin və birgə fəaliyyətin praktik müstəvidə nə dərəcədə möhkəmlənməsi ilə müəyyən olunur.
İlk diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyev tərəfindən Forumun beynəlxalq əhəmiyyətinin vurğulanmasıdır. Prezident Forumun effektiv və inklüziv platformaya çevrildiyini bildirərək onun yalnız mədəniyyət məsələlərini deyil, qlobal gündəliyin aktual problemlərini də müzakirə etdiyini qeyd etdi. Bu yanaşma mədəniyyətlərarası dialoqun dar çərçivədə, yalnız mədəni tədbir kimi deyil, beynəlxalq münasibətlərin vacib elementi kimi təqdim olunduğunu göstərir.
Digər mühüm istiqamət Azərbaycanın tarixi və coğrafi mövqeyi, onun üstünlüklərinin əməkdaşlıq mexanizmlərinə çevrilməsi ilə bağlıdır. Ölkəmizin Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi mədəniyyətlər arasında körpü rolunun əsaslandırılması üçün istifadə olunur. Bu coğrafi mövqenin siyasi və diplomatik çəkiyə malik amil kimi təqdim edilməsidir. Beləliklə, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulan “Bakı Prosesi” Azərbaycanın beynəlxalq əməkdaşlıq təşəbbüslərinin davamlılığını nümayiş etdirən platforma kimi ön plana çıxır.
Çox mühüm istiqamətlərdən biri multikulturalizm və dini-etnik tolerantlığın Prezident tərəfindən vurğualnmasıdır. Prezident bu dəyərləri Azərbaycanın tarixi irsi kimi səciyyələndirir. Burada milli təcrübənin beynəlxalq müstəviyə çıxarılması məqsədi özünü təsdiqləyir: müxtəlif mədəniyyətlərin və dini icmaların birgəyaşayışı qlobal problemlərin həlli üçün mümkün yanaşma kimi təqdim olunur. Bu gün tolerantlığın Azərbaycan modeli müxətlif platformalarda təqdir olunur. Azərbaycan modelin beynəlxalq miqyasda effektivliyi və əhəmiyyəti onun yalnız bəyanatlarla deyil, konkret nəticələr, qarşılıqlı etimad və davamlı əməkdaşlıqla da qiymətləndirilməsidir”.
Rizvan Nəbiyev Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq ForumuMənbə: apa.az