Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 19:00
İkili standartlar münaqişələrin həllinə mane olur.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat deyib ki, Azərbaycanın üzləşdiyi Ermənistan təcavüzü və torpaqlarımızın uzun illər işğal altında qalması beynəlxalq münasibətlər sistemində mövcud olan problemləri aydın şəkildə ortaya qoydu: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinin selektiv tətbiqi, bəzi hallarda isə ikili standartların əsas götürülməsi ədalətin bərpasını çətinləşdirir. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər müasir dünyada müharibələrin yaranma səbəbləri və onların qarşısının alınması yolları baxımından mühüm mesajlar ehtiva edir. Özünü digər dövlətlərdən üstün hesab etmək, beynəlxalq hüququn tələblərindən kənarda qalacağını düşünmək və törədilən əməllərə görə cəzasızlıq mühiti münaqişələrin dərinləşməsinə şərait yaradır. Belə yanaşma beynəlxalq hüquqa inamı zəiflədir, dövlətlər arasında qarşılıqlı etimadı sarsıdır və münaqişələrin uzunmüddətli xarakter almasına zəmin yaradır. Azərbaycanın təcrübəsi göstərdi ki, müharibələrin qarşısının alınması üçün yalnız danışıqların aparılması kifayət deyil. Beynəlxalq hüququn tələbləri yerinə yetirilməli, qəbul olunan qərarların icrası təmin edilməli, təcavüz və işğal siyasətinin nəticəsiz qalacağına dair yanlış təsəvvürlər aradan qaldırılmalıdır. Əks halda, münaqişələrin həlli əvəzinə onların dondurulması və gələcək nəsillərə ötürülməsi riski yaranır”.
BMT qətnamələrinin icrası beynəlxalq sistemin etibarlılığı üçün vacibdir
Soltan Məmmədov diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalı ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun illər icra olunmaması beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin nə qədər vacib olduğunu göstərir: “Bu sənədlərin təxminən 30 il kağız üzərində qalması beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətindəki səylərinin nəticəliliyi baxımından ciddi suallar doğururdu. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının iclasında BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı fikirlərdə də bu məsələyə toxunub. Dövlət başçısı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə baxmayaraq, həmin qətnamələrin icrasında BMT-nin rolunun olmadığını diqqətə çatdırıb. Beynəlxalq təşkilatlar yalnız qərarlar qəbul etməklə kifayətlənməməli, onların icrasını təmin edən işlək mexanizmlər yaratmalıdır. Eyni zamanda, beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiqi ikili standartların qarşısının alınması üçün əsas şərtdir. Müharibələrin qarşısını almaq üçün dövlətlər arasında dialoq, qarşılıqlı hörmət və etimad gücləndirilməli, suverenliyə və ərazi bütövlüyünə hörmət beynəlxalq münasibətlərin dəyişməz prinsipləri kimi qorunmalıdır. Azərbaycanın təcrübəsi isə sülhün davamlı olması üçün ədalətin təmin edilməsinin və beynəlxalq qərarların icrasının vacibliyini göstərir”.
Soltan Məmmədov İkili standartlar Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
Mənbə: apa.az