Gəncə-Qəbələ-Gəncə reysi: regional inteqrasiya və ölkədaxili turizmin yeni imkanları - ARAŞDIRMA

Tarix: 16 Jan 2026 14:01

Azərbaycan Dəmir Yolları (ADY) regionlararası nəqliyyat sahəsində strateji addımlar atmaqda davam edir. Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra istifadəyə verilən Gəncə-Qəbələ-Gəncə reysi bu inkişafın növbəti mərhələsini təşkil edir və ölkənin nəqliyyat infrastrukturunda paytaxt mərkəzli modeldən bölgələrarası əlaqələri gücləndirən modelə keçidin vacib göstəricisidir. Artıq sərnişinlər bölgələr arasında hərəkət edərkən Bakıya səyahət etməyə ehtiyac duymurlar ki, bu da həm vaxt, həm də maliyyə baxımından qənaət deməkdir.

Regional inteqrasiyanın güclənməsi

Yeni reys yalnız iki şəhəri birləşdirmir. O, həm də ətraf rayonların - Göygöl, Şəmkir, Goranboy, Yevlax, Ağdaş - sakinlərinə Qəbələyə rahat çıxış imkanı yaradır və Qəbələ ilə ətraf rayonların - Oğuz, Şəki - sakinləri üçün qərb bölgəsinə səyahəti xeyli sadələşdirir. Beləliklə, marşrut regional inteqrasiyanı gücləndirir, yerli sahibkarlıq və ticarət əlaqələrini inkişaf etdirir və insanların gündəlik həyatına çeviklik qatır. Sadəcə olaraq, bu xətt bölgələrarası iqtisadi, sosial və mədəni körpü rolunu oynayır.

Reys həm də ölkədaxili turizmin inkişafı üçün geniş imkanlar təqdim edir. Məsələn, sərnişinlər Bakıdan Qazax istiqamətində hərəkət edən qatarla saat 10:50-də Ləki stansiyasına çatır və oradan saat 11:12-də Gəncə-Qəbələ qatarına minərək birbaşa Qəbələyə səyahət edə bilirlər. Bu imkan, həm yerli, həm də xarici turistlər üçün ölkədaxili səyahət imkanlarını xeyli artırır və Qəbələnin qış turizmi üzrə əsas mərkəzlərdən biri kimi rolunu daha da gücləndirir. Eyni zamanda, Gəncə və ətraf rayonların sakinləri üçün qış turizm mərkəzlərinə çıxış indi daha əlçatan və rahatdır. Qış mövsümündə yolların buz bağlaması və məhdud görünmə kimi risklər nəzərə alınaraq, dəmir yolu səyahəti sərnişinlər üçün həm təhlükəsiz, həm də komfortlu alternativ rolunu oynayır.

Nəqliyyatın çevikliyi və əlçatanlığı

Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə ənənəvi cədvəllə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur. Bununla yanaşı, Gəncə-Qəbələ-Gəncə dəmir yolu marşrutundan istifadə edərək sərnişinlər hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səyahət edə bilirlər. Bu, ölkədaxili nəqliyyat və turizm imkanlarını daha çevik və əlçatan edir, sərnişinlər üçün rahatlıq və seçim azadlığı təmin edir.

Ekspert rəyləri: turizmin inkişafı, regional və iqtisadi təsirlər

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “APA-Economics”ə verdiyi açıqlamasında bildirib ki, Gəncə-Qəbələ-Gəncə qatar reysi regional əlaqələr və iqtisadi imkanlar baxımından da böyük əhəmiyyət kəsb edir. Yeni açılmış reys regional əlaqələrin gücləndirilməsi və nəqliyyat əlçatanlığının artırılması baxımından müsbət qiymətləndirilir.

"Regional əlaqələr baxımından nə qədər çox reys təşkil olunarsa, bir o qədər nəqliyyat əlçatanlığı təmin olunur. Gəncə-Mingəçevir reisi artıq fəaliyyətə başlamışdı, indi isə Gəncə-Qəbələ reisinin açılması çox sevindirici haldır," - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, əvvəllər Bakıdan Qəbələyə yalnız həftəsonu qatar hərəkət edirdi. Lakin Gəncə-Gəbələ reysi artıq gündəlik fəaliyyət göstərir və onun Bakı-Qazax və Qazax-Bakı reyslərinə rahat inteqrasiyası sayəsində Qəbələyə həm gündəlik çıxış, həmçinin Bakıdan birbaşa səfərlər də təmin olunur. Bu, digər regionlardan Qəbələyə nəqliyyat əlçatanlığını da artırır, regionlararası inteqrasiyanı və mobilliyi gücləndirir, eyni zamanda bölgələr arasındakı əlaqələri möhkəmləndirir.

Rauf Ağamirzəyev ümid edir ki, gələcəkdə bu kimi əlavə reyslərin açılması prosesi davam etdirilərək sərnişinlər üçün daha geniş və rahat nəqliyyat imkanları yaradılacaq.

Ekspert vurğulayıb ki, əlaqə təmin olunduqdan sonra, insanların hərəkətlilik imkanları birbaşa onların prioritetlərinə təsir edir.

“Yəni, Gəncədə yaşayan şəxs Qəbələdə işləmək, təhsil almaq və ya istirahət etmək üçün səfər edə bilər; eyni zamanda, Qəbələdə yaşayan şəxs iş və ya təhsil məqsədilə Gəncəyə səfər edə bilər. Bu imkan yalnız bu iki şəhər arasında inteqrasiyanı sürətləndirmir, həm də marşrut boyu yerləşən digər regionların sosial və iqtisadi əlaqələrinin güclənməsinə, bölgələrarası inteqrasiyanın dərinləşməsinə şərait yaradır”, - Rauf Ağamirzəyev qeyd edib.

Bundan əlavə, mütəxəssis insan kapitalının əhəmiyyətinə də diqqət çəkib:

“İnsan kapitalı baxımından yanaşsaq, hər bir insan özü də iqtisadi və sosial kapital formalaşdırır. Yəni, insanların çoxluğu müəyyən xidmətlərə tələbat yaradır. Bu tələbat nəticəsində yeni biznes sahələri, iş mərkəzləri və əlavə xidmətlərin yaradılmasına ehtiyac yaranır. Beləliklə, multi-effekt əmələ gəlir: insanların hərəkətliliyi və ehtiyacları həm iqtisadi fəallığı artırır, həm də yeni xidmətlərin və biznes imkanlarının formalaşmasına təkan verir”, - Rauf Ağamirzəyev bildirib.

Turizm eksperti Rəhman Quliyev isə qeyd edib ki, Gəncə-Qəbələ-Gəncə reysinin açılması nəqliyyat və turizm sahəsində bir sıra mühüm üstünlüklər yaradır. Onun sözlərinə görə, Qəbələ regionun məşhur turizm mərkəzlərindən biridir və reysin istifadəyə verilməsi bölgəyə daha çox səyahətçi cəlb etmək potensialına malikdir.

"Daha əlçatan səyahətlər turistlər üçün həm iqtisadi cəhətdən sərfəli, həm də rahat nəqliyyat imkanı yaradır ki, bu da daxili turizmi daha da gücləndirə bilər. Regionlararası turizm əlaqələrinin genişlənməsi, məsələn, Gəncədə yaşayan turistlərin qatarla Qəbələyə rahat səfər etməsi daxili turizmin güclənməsinə mühüm təsir edə bilər," - Rəhman Quliyev vurğulayıb.

O əlavə edib ki, belə layihələr Azərbaycanın nəqliyyat, iqtisadiyyat və turizm sahələrində dayanıqlı inkişaf strategiyası üçün əhəmiyyətlidir:

"Regionlararası əlaqələrin möhkəmlənməsi nəticəsində Qəbələ ilə Gəncə arasında yüksək səviyyəli nəqliyyat xidmətləri yaradılır. Elektrik qatarlarının istifadəsi sərnişinlər üçün daha komfortlu və ekoloji baxımdan səmərəlidir. Eyni zamanda, Gəncə və Qəbələ kimi turizm mərkəzləri arasında əməkdaşlıq daha aktiv səviyyəyə yüksəlir və bölgələrarası turizm potensialı əhəmiyyətli dərəcədə artır," - deyə ekspert qeyd edib.

Son nəticə

Beləliklə, demək olar ki, Gəncə-Qəbələ-Gəncə reysi regional inteqrasiyanın gücləndirilməsi, iqtisadi və sosial əlaqələrin inkişafı və ölkədaxili turizmin stimullaşdırılması baxımından çoxşaxəli və strateji əhəmiyyət daşıyır. Bu marşrut sərnişinlər üçün hərəkətliliyi asanlaşdırır, bölgələrarası əlaqələri möhkəmləndirir və yerli sahibkarlıq, turizm imkanlarını genişləndirir. Eyni zamanda, layihə ölkədaxili nəqliyyat sistemində rahatlıq, təhlükəsizlik və ekoloji səmərəlilik kimi üstünlüklər təqdim edir. Gəncə və Qəbələ kimi strateji şəhərləri birləşdirən bu reys, regional inkişaf və iqtisadi fəallığın təkanverici qüvvəsi olmaqla, Azərbaycanın dayanıqlı, çevik və çoxşaxəli nəqliyyat və turizm strategiyasının vacib tərkib hissəsinə çevrilir.

Emil İsmayılov ADY dəmir yolları Gəncə Qəbələ turizm regional inteqrasiya

Xəbər Lenti