Bazar ertəsi, 4 May, 2026
Tarix: 20 Jan 2024 14:08
20 yanvar 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş dəyirmi masa təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlər Abidə Kompleksi, Şəhidlər Xiyabanı və Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət olunub.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov və digər natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvarın müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrilməsindən, Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsindən, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılmasından geniş söhbət açıblar.
Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.





