Naxçıvan prokurorluğunda ötən il 17 cinayət işi məhkəmələrə göndərilib

Tarix: 19 Jan 2026 15:09

Yanvarın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyev iclasda çıxış edib.

Baş prokuror qeyd edib ki, 2025-ci il tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 28 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı suveren ərazilərimizdə bir sıra tədbirlər keçirilib. Baş prokuror 2025-ci ilin avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu addımın dövlətimizin beynəlxalq siyasi müstəvidə və diplomatiya sahəsində əldə etdiyi uğurlarının kuliminasiya nöqtəsi olduğunu qeyd etdi.

Daha Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 31 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 17-sinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hər iki hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları üzrə cinayətlərin açılma faizi 100 % təşkil edib.

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına daxil olan 647 müraciətə müvafiq qaydada baxılmış, eləcə də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 296, tabe rayon (şəhər) prokurorluqlarında isə 357 olmaqla, ümumilikdə 653 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.

Geniş Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib.

Geniş Kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı zəruri tapşırıqlar verərək sonda Muxtar Respublikanın Prokurorluq orqanlarının hər bir əməkdaşının gələcək fəaliyyətləri zamanı qanunla üzərlərinə qoyulmuş vəzifələrin icrası istiqamətində öz bilik və bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə, dövlətimizin və xalqımızın mənafeyi uğurunda xidməti öhdəliklərini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edərək, onlara uğur arzu edib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməliyyat müşavirəsi

Xəbər Lenti