Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 17:24
Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
16.20
Narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi ilə bağlı fəaliyyət göstərən "Qurtuluş" Reabilitasiya Mərkəzi ilə bağlı cinayət işi başlanılıb.
APA xəbər verir ki, cinayət işi mərkəzlə bağlı prokurorluğa şikayət əsasında fakta görə açılıb.
Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi üzrə istintaq gedir.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
APA-nın əldə etdiyi məlumata görə, cinayət işinin həmin olayla əlaqəsi yoxdur. Şikayət prokurorluğa dekabr ayında daxil olub.
Mərkəzlə bağlı cinayət işi başlanılması barədə ilk məlumatı Oxu.az yayıb.
Emin Şirvanzadə "Qurtuluş" reabilitasiya mərkəzi cinayət işi