"Zayed İnsan Qardaşlığı Mükafatı" - Azərbaycan liderinin sülh diplomatiyasına beynəlxalq qiymət - TƏHLİL

Tarix: 19 Jan 2026 18:55

Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi və diplomatik kursun beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu mükafat təkcə fərdi liderlik keyfiyyətlərinin deyil, eyni zamanda, Azərbaycan dövlətinin postmünaqişə dövründə formalaşdırdığı sülh gündəliyinin qlobal miqyasda qəbul edildiyini göstərir.

Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təsis edilmiş “Zayed İnsan Qardaşlığı Mükafatı” humanizm, tolerantlıq və sülh dəyərlərinin rəmzi olan Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyır. Bu nüfuzlu mükafat dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, insan ləyaqətinin qorunması, münaqişələrin sülh yolu ilə həlli və qlobal həmrəyliyin gücləndirilməsinə real töhfə verən şəxslərə və qurumlara təqdim olunur. Mükafatın fəlsəfəsi qarşıdurma deyil, anlaşma və birgəyaşayış prinsiplərinə söykənir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatları və sülh meyarlarının davamlılığı

İndiyədək mükafata layiq görülmüş laureatlar bu meyarların ardıcıl şəkildə qorunduğunu göstərir. Papa Fransisk dinlərarası dialoqun genişləndirilməsi, mərhəmət anlayışının qlobal səviyyədə təşviqi və humanizm dəyərlərinin beynəlxalq gündəlikdə ön plana çıxarılmasına verdiyi töhfələrə görə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunub. Eyni zamanda, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib İslam dünyasında tolerantlığın möhkəmləndirilməsi, dinlərarası anlaşmanın inkişaf etdirilməsi və fərqli inanclar arasında dialoqun təşviqində oynadığı mühüm rola görə bu mükafata layiq bilinib. Bununla yanaşı, BMT-nin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi qlobal sülhün qorunması, humanitar əməkdaşlığın genişləndirilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsinin ümumbəşəri prioritet kimi qəbul edildiyini təsdiqləyir.

Müharibə qələbəsindən sülh liderliyinə aparan siyasi xətt

Məhz bu kontekstdə İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təsadüfi xarakter daşımır. Bu seçim mükafatın mahiyyəti ilə Azərbaycanın postmünaqişə dövründə sülh, dialoq və regional sabitlik istiqamətində ortaya qoyduğu siyasi xətt arasında məntiqi uyğunluğun göstəricisidir.

Azərbaycan 2020-ci ildə əldə etdiyi hərbi qələbədən sonra regionda yeni reallıqlar formalaşdırdı. Lakin bu reallıqların əsas fərqi ondan ibarət oldu ki, rəsmi Bakı qələbəni revanşizm və ya intiqam alətinə çevirmədi. Əksinə, Prezident İlham Əliyev müharibədən dərhal sonra sülhə əsaslanan strateji xətt müəyyənləşdirdi və Ermənistanla münasibətlərin normallaşdırılmasını regional sabitliyin əsas şərti kimi irəli sürdü. Bu, müharibədə qalib gələn bir liderin sülh dövründə də siyasi məsuliyyət daşımağa və qalib olmağa qadir olduğunu nümayiş etdirdi.

Sülh yolunda maneələr və siyasi iradənin qələbəsi

Bu yol asan olmadı. Müxtəlif xarici və daxili dairələr Ermənistanı revanşizmə təşviq etməyə, Cənubi Qafqazda yeni qarşıdurma ocaqları yaratmağa cəhd göstərdilər. Sülh prosesini ləngitmək, danışıqları dalana salmaq və status-kvonu bərpa etmək istəkləri dəfələrlə özünü göstərdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və ardıcıl siyasəti bu cəhdlərin qarşısını aldı. Azərbaycan beynəlxalq hüquqa, suverenliyinə və ərazi bütövlüyünə əsaslanan mövqeyindən geri çəkilmədi və öz iradəsini diplomatik müstəvidə də qəbul etdirməyi bacardı.

2025-ci ilin avqustunda Vaşinqtonda sülh prosesinə nöqtə qoyulması məhz bu siyasi iradənin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu hadisə Azərbaycanın münaqişənin həllində ortaya qoyduğu modelin beynəlxalq aləmdə nümunəvi təcrübə kimi qəbul edilməsinə yol açdı. “Zayed İnsan Qardaşlığı Mükafatı” da bu reallığın rəsmi təsdiqi, Azərbaycanın mütləq qələbəsinin və sülh quruculuğu strategiyasının qlobal miqyasda tanınmasının simvoludur.

Azərbaycanın sülh diplomatiyasına beynəlxalq qiymət

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Ərəb ölkələri üzrə ekspert Lalə Xəlilzadə APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, ölkəmizin beynəlxalq sülh diplomatiyasında əldə etdiyi uğurların təsdiqidir.

Bu mükafat, sülh və qardaşlıq ideallarını təşviq edən liderlər üçün verilir və Azərbaycanın regionda sabitlik və əməkdaşlıq istiqamətində atdığı addımları ön plana çıxarır. Azərbaycanın sülh diplomatiyası, xüsusilə Ermənistanla uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan münaqişənin hərbi həllini uğurla təmin etsə də, ölkə eyni zamanda, dialoq və sülh yolu ilə regional əməkdaşlığı möhkəmləndirməyə çalışır”, - ekspert vurğulayıb.

Əbu-Dabi görüşü və Azərbaycanın regional və Yaxın Şərq sülh xətti

Ötən ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş məhz paytaxt Əbu-Dabidə baş tutduğunu xatırladan Lalə Xəlilzadə qeyd edib ki, məhz bu görüşdən sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni siyasi mərhələ başlayıb: “Həmin görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmasa da, onun mahiyyəti sülh müqaviləsinə gedən yolda mühüm addım hesab olunurdu. Əbu-Dabi görüşü xüsusilə mövcud fikir ayrılıqlarının aradan qaldırılması və ortaq anlayışların formalaşdırılması baxımından önəmli mərhələ hesab olunurdu”.

Ekspert onu da qeyd edib ki, Azərbaycanın sülhməramlı mövqeyi təkcə regionla kifayətlənmir.

“Yaxın Şərq siyasətində də bu mövqe əks olunmaqdadır. Nəinki Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən, digər ərəb ölkələri ilə enerji, ticarət və humanitar sahələrdə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Bu əməkdaşlıq həm regional stabilliyi gücləndirir, həm də müsəlman dünyasında sülh, dialoq və qardaşlıq mesajlarının yayılmasına xidmət edir. Azərbaycan sülh təşəbbüslərində balanslı və çoxtərəfli yanaşmanı qoruyaraq, həm qonşularla münasibətləri, həm də beynəlxalq arenada nüfuzunu möhkəmləndirir”, - o fikrini yekunlaşdırıb.

Faiq Mahmudov Prezident İlham Əliyev Zayed İnsan Qardaşlığı Mükafatı Azərbaycan diplomatiyası postmünaqişə dövrü sülh gündəliyi regional sabitlik beynəlxalq tanınma humanizm və tolerantlıq sülh diplomatiyası Cənubi Qafqaz

Xəbər Lenti