Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 16:57
"SOCAR Karbamid" zavodunun "Rəqəmsal Mayak" layihəsi üzrə mükafat almasının əsas səbəbi zavodda icra olunan rəqəmsallaşma, süni intellekt, "Sənaye 4.0"ın tələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədə səmərəliliyin, istehsalat gücünün artırılması olub.
"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı jurnalistlərə açıqlamasında bildirib. "Mükafatın verilməsinin səbəblərindən biri plansız duruşların azaldılması və bir sıra tətbiqlərin icra olunması ilə bağlıdır. Bu mükafat əsasən zavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsal həllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması və fəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərlə əlaqədardır. Bu çərçivədə, layihə iki il ərzində icra olunub. 2023 və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub", - Emil Alxaslı qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan dövr ərzində zavodun istehsal gücü 21 %-dən çox artırılıb. Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı — təbii qaz yanacağı — 24 %-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub. "SOCAR 2018-ci ildən bu şəbəkəyə qoşulub. 2020-ci ildə "Petkim", 2021-ci ildə isə "Star" neft emalı zavodu bu mükafatı alıb. İndi isə karbamid zavodu bu siyahıya daxil olub. SOCAR dünyada üç dəfə bu mükafatı alan yeganə dövlət neft şirkətidir", - Emil Alxaslı vurğulayıb.
Emil İsmayılov zavod karbamid