Cümə, 23 Yanvar, 2026
Tarix: 23 Jan 2026 07:29
Yeni Zelandiyanın Şimal adasının şimal-şərq sahilində baş verən torpaq sürüşməsi nəticəsində azı iki nəfər həyatını itirib. APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kreistofer Lukson məlumat verib.
Baş nazir "X" platformasında yaydığı açıqlamada Plenti körfəzində baş vermiş torpaq sürüşməsi nəticəsində iki yaxınını itirən ailəyə başsağlığı verib. "Radio New Zealand" radiosunun məlumatına görə, yanvarın 22-də torpaq sürüşməsinin qeydə alındığı "Mount Maunganui" istirahət parkında axtarış-xilasetmə işləri davam edir. İlkin məlumatlara əsasən, torpaq və dağıntılar altında altıdan doqquzadək şəxsin, o cümlədən iki uşağın qala biləcəyi ehtimal olunur.
Bildirilib ki, xilasetmə əməliyyatlarını mürəkkəb yol-nəqliyyat vəziyyəti çətinləşdirir. Fəlakət zonasındakı avtomobil yollarının əksəriyyəti torpaq sürüşməsi səbəbindən bağlanıb və kommunal xidmətlər indiyədək yalnız təcili tibbi yardım maşınlarının hərəkəti üçün bir zolağı açmağa nail olub.