Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 10:13
“Ötən il təhlükəli vəziyyətdə olan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib”.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən il 3561 təhlükə potensiallı obyektdə 37 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib:
“Aktlarda 14 992 qayda pozuntusu qeydə alınıb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5 097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib”.
Onun sözlərinə görə, edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensialı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1 087 ədəd çıxarış təqdim edilib.
Agentliyin rəisi qeyd edib ki, təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2 696 hüquqi və fiziki şəxsə 14 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib.
“Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5 494 ədəd təşkil edib. Müraciət edən şəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 3405 ədəd şəhadətnamə verilib”, - Vüsal Ağayev əlavə edib.
Emin Şirvanzadə Fövqəladə Hallar Nazirliyi Dövlət Agentliyi Vüsal Ağayev