Goranboyda peyvənd vurulan azyaşlı ölüb - YENİLƏNİB

Tarix: 23 Feb 2026 14:59

Fevralın 20-də 02.04.2025-ci il təvəllüdlü azyaşlı Mirzəyev Nihat Sərvan oğlu Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib və Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı 6 komponentli (Heksaksim) peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib.

Bu barədə APA-nın Qərb bürosuna Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, peyvənddən sonra azyaşlı tibb məntəqəsində müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb: "Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə edilməyib.

Fevralın 21-də saat 13:10 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Təcili tibbi yardım briqadası saat 13:25-də Şəfəq–Qaraçinar ərazisində çağırış edən şəxslərlə qarşılaşıb və 2025-ci il təvəllüdlü azyaşlının ölüm faktını təsdiq edib. Ölüm hadisəsi ev şəraitində baş verib".

Azyaşlının meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisənin zaman intervalı və klinik gedişi anafilaktik reaksiyanın tipik xüsusiyyətlərinə uyğun deyil. Anafilaktik reaksiyalar adətən peyvənd tətbiqindən sonra bir neçə dəqiqə – ən gec bir neçə saat ərzində inkişaf edir və kəskin klinik əlamətlərlə müşayiət olunur. Mövcud məlumatlara əsasən ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur.

Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra açıqlanır.

***

09.54

Goranboyda azyaşlı ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb.

Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Fuad Nazimoğlu iynə ölüm peyvənd

Xəbər Lenti