Senator: Əfqanıstan ərazisindən Pakistana qarşı terror məqsədilə istifadə edilərsə, cavab sərt olacaq

Tarix: 27 Feb 2026 17:15

Pakistan diplomatiya, birbaşa danışıqlar və dost ölkələr vasitəsilə təmaslar imkanlarından istifadə edib, lakin indiyədək konkret nəticə əldə olunmayıb.

Bunu APA-ya açıqlamasında Pakistanın sabiq informasiya və mədəniyyət naziri, senator Müşahid Hüseyn Seyyid deyib.

O bildirib ki, rəsmi İslamabad məsələni hərbi deyil, siyasi və diplomatik yollarla həll etməyə çalışıb: “Məsələn, Türkiyə vasitəsilə İstanbulda danışıqlar aparılıb, daha sonra Qətərdə görüşlər keçirilib, lakin nəticə əldə olunmayıb”.

Müşahid Hüseyn Seyyidin sözlərinə görə, son üç ay ərzində Pakistanda baş vermiş demək olar ki, hər bir terror aktının kökləri, maliyyə və təşkilati mənbələri, eləcə də təşkilatçıları Əfqanıstana gedib çıxır: “Əfqanıstandakı Taliban rejimi bu terrorçulara qarşı heç bir məhdudiyyət tətbiq etməyib və onlara sərbəst hərəkət imkanı yaradılıb.

Bu qruplara Pakistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə zərər vuracaq fəaliyyət göstərmək imkanı verilib”.

Senator vurğulayıb ki, son iki gün ərzində atəş açılması və terror aktlarının davam etməsi fonunda Pakistan cavab zərbəsi endirməyə məcbur olub: “Bütün səylərimizə baxmayaraq, hücumlar dayandırılmadığı üçün cavab zərbəsi endirməli olduq. Hər bir dövlət kimi biz də sərt cavab verməli idik”.

Müşahid Hüseyn Seyyid Pakistanın yalnız hərbi hədəfləri və ya terrorçu sığınacaqlarını vurduğunu, mülki əmlaka və mülki əhaliyə zərər vurmağın məqsəd olmadığını diqqətə çatdırıb.

O, Azərbaycan nümunəsinə də toxunaraq deyib ki, beynəlxalq hüququn pozulması şəraitində hər bir dövlət öz suverenliyini müdafiə etmək hüququna malikdir və Pakistan da eyni prinsiplə hərəkət edib: “Pakistan Əfqanıstan Taliban rejimi ilə Əfqanıstan xalqını bir-birindən ayırır”.

Senator qeyd edib ki, Pakistan ilə Əfqanıstan xalqı arasında dərin tarixi bağlar mövcuddur və Pakistan 40 il ərzində 4 milyon əfqan qaçqına ev sahibliyi edib.

Müşahid Hüseyn Seyyid ümid etdiyini bildirib ki, mövcud vəziyyətdən sonra diplomatiya üçün zəmin yaranacaq və dost ölkələr vasitəçilik rolunu oynayacaqlar. O, Türkiyə, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Qətəri vasitəçilik təklif edən ölkələr kimi qeyd edib.

O xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatı da Pakistana qarşı törədilən terror aktlarının mənbəyinin Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplar olduğuna dair sübutların mövcudluğunu bəyan edib.

Pakistan tərəfi məsələ üzrə sülh yolu ilə, diplomatik həllə nail olmaq niyyətində olduğunu bildirir. Senator vurğulayıb ki, əsas narahatlıq Əfqanıstan ərazisindən Pakistanda qeyri-sabitlik üçün istifadə olunması və terror qruplarının bu ərazini hücum platformasına çevirməsidir.

“Bu, bizim “qırmızı xətti”mizdir və bu məsələdə mövqeyimiz tam aydındır”, - o əlavə edib.

Müşahid Hüseyn Seyyid sonda onu da bildirib ki, iki ölkə arasında 2 600 kilometrlik sərhəd mövcuddur və bu sərhəd boyunca sabitliyin təmin olunması həm Pakistan, həm də Əfqanıstan və eləcə də iki ölkənin xalqı üçün həyati əhəmiyyət daşıyır.

Faiq Mahmudov Pakistan diplomatiya birbaşa danışıqlar Müşahid Hüseyn Seyyid Əfqanıstan Taliban rejimi terror aktları cavab zərbəsi suverenlik 2600 kilometrlik sərhəd

Xəbər Lenti