FHN Humanitar Kollecdə təlim keçirib - VİDEO

Tarix: 02 Mar 2026 12:22

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin mütəxəssislərinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd kollecin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən yanğın zamanı zəruri davranış və çimərlikdə təhlükəsizlik qaydaları, mülki müdafiə, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra kollecin əməkdaşları və tələbələri tərəfindən “yanğına ilkin müdaxilə edilib”, yanğınsöndürənlər isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici çap materialları təqdim olunub.

Emin Şirvanzadə FHN təlim kollec Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Xəbər Lenti