Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 13:43
“Rəqəmsal dövlət maliyyəsi” vasitəsi ilə büdcəsi məlumatları, birləşdirilmiş maliyyə hesabatları təqdim ediləcək, satınalma müqavilələri bağlanacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklikdə əksini tapıb.
“Büdcə sistemi haqqında” qanuna dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edilib və “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunub.
İndiyə qədər “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulubsa, bundan sonra informasiya sisteminin funksionallığı artırılaraq mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının (birləşdirilmiş maliyyə hesabatlarının) tərtib və təqdim edilməsinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin özündə həyata keçirilməsi təmin ediləcək.
“Dövlət satınalmaları haqqında” qanuna dəyişikliyə əsasən satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun şamil edildiyi satınalmalara dair müqavilələrin, habelə həmin Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində göstərilən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin) elektron qaydada –“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin (aksept bildirişlərinin göndərilməsi, müddətlərin müəyyən olunması, tələb olunan məlumatların informasiya sistemi tərəfindən portala ötürülməsi və s.) tənzimlənməsi təmin ediləcək.
Firuzə Vahid Rəqəmsal dövlət maliyyəsi