Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 16:25
Azərbaycan və Suriya arasında peşə və texniki təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
APA "SANA" agentliyinə istinadən xəbər verir ki, martın 2-də Suriyanın təhsil naziri Məhəmməd Əbdül Rəhman Turko və Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşqdə görüşüb və ötən ay Mərakeşdə imzalanmış üçtərəfli sazişin icrası məsələlərini nəzərdən keçiriblər.
Sözügedən sənəd Suriya Təhsil Nazirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında imzalanıb. Sazişə əsasən, 100 məktəbin bərpası və müasir standartlara uyğun 10 yeni məktəbin tikintisi nəzərdə tutulur. Layihənin ümumi büdcəsi 30 milyon ABŞ dolları təşkil edir.
Nazir Turko peşə və texniki təhsilin gücləndirilməsinin gənclərin əmək bazarının tələblərinə uyğun bacarıqlarla təmin olunması baxımından vacib olduğunu bildirib.
Elnur Şahhüseynov isə Azərbaycanın Suriyanın təhsil sektorunun bərpasına dəstək göstərməyə və peşə təhsilinin inkişafı istiqamətində ekspert və texniki yardım təqdim etməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, tərəfdaşlıq sazişi fevralın 17-də Rabatda imzalanıb.
Faiq Mahmudov
