Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 16:28
Sumqayıt şəhərinin çıxışı, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 1977-ci il təvəllüdlü şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, hazırda 1991-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
16:15
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi qəza