Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədrinin məhkəməsi başlayıb

Tarix: 05 Mar 2026 18:36

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası martın 17-ə təyin edilib.

Qeyd edək ki, Bəhruz Əsgərovla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.

27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.

Ceyhun Məmmədov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sabiq sədr cinayət işi məhkəmə

Xəbər Lenti