Latviyanın sabiq Prezidenti: BMT-nin quruluşunda müəyyən ziddiyyət var

Tarix: 12 Mar 2026 10:50

BMT-nin quruluşunda müəyyən ziddiyyət var.

APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bir çoxları İkinci Dünya müharibəsindən sonra BMT-nin yaradılmasında əsas olan prinsiplərin – qaydalara əsaslanan dünya nizamının – təsirini itirdiyini təəssüflə qeyd edir. Bu nizam müəyyən qaydalara əsaslanırdı, nəyin doğru, nəyin yanlış olduğu, nəyin qəbul edilə bilən, nəyin isə qəbuledilməz olduğu barədə ortaq anlayış mövcud idi. Bu prinsiplər həm ölkə daxilində idarəetmədə, həm də beynəlxalq münasibətlərdə tətbiq olunmalı idi. Bəzi qitələrdən olan müşahidəçilər qeyd edirlər ki, bu qaydalar əsasən Qərb dünyasında formalaşıb. Həqiqətən də bu prinsiplər əsrlər boyu Qərb dünyasında, böyük müqavimətlərə baxmayaraq, inkişaf edib. Əslində İkinci Dünya müharibəsinə qədər Avropa sülh və rifah nümunəsi deyildi. Mən uşaq olanda Almaniyada qaçqın düşərgələrində yaşamışam və müharibədən sonra uzun illər aclıq və çətinlik içində böyümüşük, ta ki müxtəlif ölkələr qaçqınları qəbul edənədək. O dövrdə hüququn aliliyi yox idi. Nasist Almaniyasında bir diktator və onun sistemi məğlub edilmişdi, lakin digər bir diktator – İosif Stalin və Sovet İttifaqı hakimiyyətdə qalırdı. Hamı üçün ədalət ideyası çox uzaq görünürdü. BMT-nin quruluşunda isə müəyyən ziddiyyət var. Bir tərəfdən təşkilata üzv olan hər bir dövlətin suveren hüquqlarının tanınması prinsipi mövcuddur və bu, dövlətlərin beynəlxalq hüquqa riayət etməli olduğunu bildirir. Digər tərəfdən isə Təhlükəsizlik Şurasının strukturu – veto hüququna malik beş daimi üzv – bu prinsipə müəyyən dərəcədə ziddir. Çünki bu sistem İkinci Dünya müharibəsinin qaliblərinə daha çox səlahiyyət verir, halbuki bu gün dünya əhalisinin və iqtisadi gücün paylanması artıq fərqlidir”, - o vurğulayıb.

Ramiz Mikayıloğlu XIII Qlobal Bakı Forumu dünya region Avropa BMT Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa

Xəbər Lenti