Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 12:08
Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib.
APA xəbər verir ki, bunu BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Bu gün XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak mənim üçün böyük şərəfdir. Mən səmimi qəlbdən Prezident İlham Əliyevə bu beynəlxalq platformaya göstərdiyi isti münasibətə və davamlı dəstəyə görə təşəkkür edirəm. İllər ərzində Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib. Belə forumlar müxtəlif baxışları və perspektivləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və əməkdaşlıq yollarını araşdırmaq imkanı yaradır. Builki forumun mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu beynəlxalq sistemimizi formalaşdıran dərin geosiyasi, iqtisadi və texnoloji dəyişiklikləri əks etdirir. Geosiyasi gərginliklər artır, ölkələr arasında etimad zəifləyir, cəmiyyətlərdə qütbləşmə dərinləşir və parçalanma müasir beynəlxalq münasibətlərin xarakterik xüsusiyyətinə çevrilir. Yaxın Şərqdəki son hərbi eskalasiya regional sabitliyin nə qədər həssas olduğunu və böhranların qlobal miqyasda necə sürətlə təsir göstərə biləcəyini xatırladır, bu da beynəlxalq sülh və təhlükəsizliyi sarsıdır. BMT Baş katibinin də qeyd etdiyi kimi, çağımızın paradoksu budur ki, beynəlxalq əməkdaşlığa ən çox ehtiyac duyulan vaxtda ona sərmayə qoymaq istəyi azalır. Lakin qlobal çağırışlar əməkdaşlığı zəruri, vacib edir, seçimi deyil”, - Tatyana Valovaya vurğulayıb .
Ramiz Mikayıloğlu XIII Qlobal Bakı Forumu dünya region