Şənbə, 14 Mart, 2026
Tarix: 14 Mar 2026 13:04
XIII Qlobal Bakı Forumu davam edir.
APA xəbər verir ki, forum çərçivəsində “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası” adlı panel müzakirə keçirilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışı zamanı Azərbaycanda süni intellektin tətbiqindən danışıb.
O, bu barədə panel iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.
Daha sonra çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Ackson süni intellektin insan hüquqlarına və demokratiyaya təsirinin ortada olduğunu bildirib: “Qarşımızda duran vəzifə yalnız qanun qəbul etmək deyil, eyni zamanda, şəffaflığın təmin edilməsini də həll etməkdir”.
O vurğulayıb ki, müvafiq qurumlar bu məsələyə nəzarət etməlidir.
“Women Political Leaders” təşkilatının prezidenti və təsisçisi, Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Kox-Mehri qeyd edib ki, texnologiyaların gücü cəmiyyətə xeyli təsir göstərir.
O, insanların süni intellekti idarə edərək, onun hərəkətlərinə nəzarət etmə imkanına malik olduğunu vurğulayıb.
Latviyanın sabiq prezidenti Egils Levits deyib ki, bu gün Avropa İttifaqı struktur baxımından ABŞ və Çindən asılı vəziyyətdədir. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar cəmiyyət və iqtisadiyyatın əsasını təşkil edir və rəqəmsal infrastruktur yalnız texniki alət deyil, həm də müəyyən dəyərlər və ideologiyanı əks etdirir.
“Satyarthi Movement for Global Compassion” təşkilatının Baş icraçı direktoru Asmitha Satyarthi vurğulayıb ki, bu gün gənclərin 88 faizi həmyaşıdları ilə danışmaq əvəzinə “ChatGPT” ilə ünsiyyət qurur.
O əlavə edib ki, süni intellekt gələcəkdə insan davranışına ciddi təsir göstərəcək: “İnsanlar arasındakı bu boşluq onları təcrid edə bilər və bunun fəsadları həm ətraf mühitə, həm də iş yerlərinə təsir edəcək”.
Gülcahan İmanqızı Qlobal Bakı Forumu süni intellekt Rəşad Nəbiyev ChatGPT








