Azərbaycan və Pakistan XİN rəhbərləri əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib - YENİLƏNİB

Tarix: 19 Mar 2026 07:39

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd Ishaq Dar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

***

07:08

Səudiyyə Ərəbistanına səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Görüş zamanı XİN rəhbərləri ölkələrin ikitərəfli gündəliyi və inkişaf edən regional təhlükəsizlik mühitini müzakirə ediblər.

Son regional hadisələr barədə fikir mübadiləsi aparan tərəflər gərginliyin azaldılmasının, beynəlxalq hüquqa hörmətin, sülhün və sabitliyin təmin edilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyib, əsas milli maraq doğuran məsələlərdə qarşılıqlı etimad, həmrəylik və davamlı dəstəyi vurğulayıblar.

Nazirlər həmçinin siyasi, iqtisadi və əlaqəli sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib, regional və beynəlxalq platformalar daxilində sıx koordinasiyanın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Pakistan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Məhəmməd İshaq Dar

Xəbər Lenti