Natiq Novruzov "Rabitəbank"ın İdarə Heyətinin sədr müavini təyin edilib

Tarix: 19 Mar 2026 10:04

“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyət üzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub.

Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

O, yeni vəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davam etdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi və təkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək.

Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə də inkişaf etdirən Natiq Novruzov 2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən “Risklərin idarə edilməsi” üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin mini MBA proqramını uğurla başa vurmuşdur.

Əmək fəaliyyətinə 2003-cü ildə maliyyə sektorunda başlamış, 2003–2010-cu illər ərzində mühasibatlıq, kreditlərin idarə olunması, monitorinq və filial idarəçiliyi sahələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu müddət ərzində o, həm əməliyyat, həm də idarəetmə istiqamətində zəngin təcrübə qazanaraq maliyyə və risk sahəsində peşəkar bilik və bacarıqlarını formalaşdırmışdır.

2010-cu ildən etibarən “Kreditlərin Təhlili” şöbəsinin müdiri kimi “Rabitəbank” ASC-də fəaliyyətə başlayan Natiq Novruzov bankda müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 2011-2013-cü illərdə Risklərin İdarə Edilməsi Departamentində direktor müavini, 2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinin direktoru vəzifələrini icra etmişdir. 2020-2023-cü illərdə Risk üzrə Baş Direktorun müavini kimi fəaliyyət göstərən Natiq Novruzov, 2023-cü ildən etibarən isə Baş Direktor olaraq Rabitəbankın Baş Risk İnzibatçısıdır.

Uzun illər ərzində qazandığı dərin təcrübə ilə seçilən Natiq Novruzovun yeni vəzifədə fəaliyyəti Rabitəbankın dayanıqlı inkişaf strategiyasının daha da möhkəmləndirilməsinə, risk idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə və bankın institusional dayanıqlılığının daha yüksək səviyyəyə çatdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

APA-Economics Rabitəbank bank təyinat

Xəbər Lenti