Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 12:05
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycanla 214,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 0,52% artıb.
Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 6,1% təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beçinci olub.
Gürcüstandan Azərbaycana 95,1 milyon ABŞ dolları dəyərində məhsul ixracı həyata keçirilib ki, bu da illik nisbətdə 2,7% azdır. Azərbaycan Gürcüstanın ixracında 9,3% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Qırğızıstandan sonra üçüncü yeri tutub.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə illik müqayisədə 1,7% artaraq 119,2 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan 4,8% payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı pillədə qərarlaşıb.
Yanvar-fevralda Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 3,51 milyard ABŞ dollarına yüksəlib ki, bu da illik nisbətdə 6,9% azdır. İxrac 1,03 milyard ABŞ dolları, idxal isə 2,48 milyard ABŞ dolları təşkil edib.
Cəmilə Babayeva idxal ixrac