- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 26.02.2024 18:42
Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı sistematik irqi ayrı-seçklik və nifrət siyasətinin nəticəsi idi.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə keçirilən anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib. O, silahlı erməni dəstələrinin Xocalı ilə yanaşı Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində də azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımı nəticəsində itkin düşmüş 150 nəfərin taleyinin bugünədək məlum olmadığını qeyd edib.
Faiq Quliyev Azərbaycanda ermənilərə qarşı nifrət olduğunu iddia edərək Ermənistanda revanşizmi dirçəltməyə çalışanlara və erməni millətçilərinə öz tarixi keçmişlərinə nəzər salmağı tövsiyə edib.
Səfir Ermənistan rəhbərliyi tərəfindən azərbaycanlılara münasibətdə 3-cü Reyxdə elan edilmiş “Lebensraum” siyasətinin erməni versiyasının tətbiq edildiyini, Ermənistanın Qaregin Nijdenin “türklərlə hər gün mübarizə”yə əsaslanan faşist ideologiyasına əsaslanan siyasət yürütdüyünü vurğulayıb.
“Azərbaycan münaqişənin sülh müstəvisində həllinə dair çağırışlar edirdi, lakin Ermənistan 2020-ci ildə yeni ərazilər uğrunda yeni müharibələr doktrinini təqdim edərək danışıqlar prosesini darmadağın etmişdi”, - səfir deyib.
Faiq Quliyev qeyd edib ki, Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə Xocalıda Azərbaycan bayrağını ucaltması ilə tarixi ədaləti bərqərar edib.
Qeyd edək ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil edilmiş anım tədbirində əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həlak olanların xatirəsinə ehsan süfrəsi açılıb.
Tədbir çərçivəsində jurnalist Nizami Məmmədzadənin “Qan Yaddaşı Xocalı” adlı kitabının təqimatı da olub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ictimai-siyasi xadimlər, Xocalının keçmiş sakinləri, gürcüstanlı siyasətçilər və.s iştirak ediblər.