Tramp: ABŞ-ın hava nəqliyyatını idarəetmə sistemi köhnədir, Konqres modernləşməsinə vəsait ayırmalıdır

Tramp: ABŞ-ın hava nəqliyyatını idarəetmə sistemi köhnədir, Konqres modernləşməsinə vəsait ayırmalıdır

Tarix: 15 Nov 2026 19:03

ABŞ-ın hava nəqliyyatını idarəetmə sistemi köhnədir, modernləşməlidir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tram “Truth Social”-da paylaşımında bildirib.

“Əgər Konqres hava nəqliyyatını idarəetmə sistemi üçün çox ehtiyac duyulan maliyyə vəsaitini təsdiqləsə, biz bu sistemi sürətlə və səmərəli şəkildə qura bilərik. O, dünyada ən yaxşı sistem olacaq. Hazırkı hava nəqliyyatını idarəetmə sistemimizin böyük bir hissəsinin 50 illik yaşı var. Bu, gülüncdür! Biz artıq işə başlamışıq, lakin bu proses hissə-hissə deyil, birdəfəlik həyata keçirilməlidir. Konqres maliyyə ayrılmasını təsdiqləməlidir. Bayden administrasiyası bu prosesi illərlə geriyə saldı!”.

Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rabitə sistemindəki problemlər səbəbindən ölkə üzrə hava hərəkətini dörd saatdan çox müddətə dayandırıb. Bu, reyslərin kütləvi şəkildə gecikməsinə və ləğv edilməsinə səbəb olub. Şənbə gününə qədər ləğv edilən reyslərin sayı artmaqda davam edib.

FAA rəhbəri Brayan Bedford qurumun kiberhücum əlamətləri və ya hadisənin süni intellektlə əlaqəsi barədə heç bir dəlil aşkar etmədiyini bildirib.

ABŞ-ın nəqliyyat naziri Şon Daffi ölkənin aviasiya sistemində baş verən genişmiqyaslı nasazlığa görə məsuliyyəti FAA-nın mis naqilləri optik lifli kabellərlə əvəz etmək üçün planlı işlər aparan podratçısı “L3Harris” şirkətinin üzərinə qoyub.

Daffi həmçinin ABŞ-ın hava nəqliyyatını idarəetmə sisteminin modernləşdirilməsi üçün Konqresi 50 milyard dollar vəsait ayırmağa çağırıb. O, köhnəlmiş infrastruktur yenilənmədiyi təqdirdə bu cür nasazlıqların yenidən baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Donald Tramp ABŞ Prezidenti təyyarələr nəzarət sistemi

Mənbə: apa.az

Xəbər Lenti