Çərşənbə, 25 Mart, 2026
Tarix: 25 Mar 2026 10:54
“Shell” şirkətinin baş icraçı direktoru Vail Savan Yaxın Şərqdə davam edən böhranın neft məhsulları bazarında daha geniş təchizat probleminə səbəb ola biləcəyini bildirib.
“APA-Economics” xəbər verir ki, o, qeyd edib ki, artıq reaktiv yanacaq bazarında təzyiq müşahidə olunur və növbəti mərhələdə dizel, daha sonra isə benzin bazarında çatışmazlıq riski yarana bilər.
Onun sözlərinə görə, Şimal yarımkürəsində yay mövsümünün – avtomobil səfərlərinin artdığı dövrün yaxınlaşması bu təzyiqləri daha da gücləndirəcək.
S&P Global Energy CERA analitiklərinin qiymətləndirməsinə əsasən, Yaxın Şərqdə davam edən müharibə nəticəsində gündəlik təxminən 14 milyon barel neft məhsulu və əsas xam neft axınları dayanıb. Bu fonda Avropada reaktiv yanacaq qiymətləri rekord həddə yüksəlib, ABŞ bazarında isə kəskin artım qeydə alınıb.
Şirkət rəhbəri bildirib ki, problem yalnız ayrı-ayrı yanacaq növləri ilə məhdudlaşmır və əsas səbəb fiziki təchizat zəncirində – daşınma, saxlama və istehsal proseslərində yaranmış maneələrdir. Bu isə təsirin bütün neft məhsulları bazarına yayılmasına gətirib çıxarır.
Analitiklər qeyd edir ki, dünya üzrə neftayırma gücünün yarıdan çoxu Yaxın Şərqdəki vəziyyətdən birbaşa asılıdır və infrastruktur zədələri təchizatın tez bərpasını çətinləşdirir.
Bundan əlavə, ehtiyatların artırılması (stok yığımı) meyli bazardakı gərginliyi daha da gücləndirə bilər. ABŞ-ın neft məhsulları ixracı mart ayında azalıb, xüsusilə reaktiv yanacaq ixracı əvvəlki göstəricilərlə müqayisədə kəskin enib, benzin ixracında da azalma qeydə alınıb.
Səbəb kimi Yaxın Şərqdə hərbi gərginlik, Hörmüz boğazında tədarük riskləri, fiziki neft axınlarının pozulması və bazar iştirakçılarının ehtiyat toplama davranışı göstərilir.
Rahim Tarıverdiyev Shell Vail Savan yanacaq benzin dizel