Cümə axşamı, 14 May, 2026
Tarix: 27 Nov 2023 19:41
Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin Dəməşq aeroportuna növbəti aviazərbəsini qınayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bununla bağlı şərhində bildirilib ki, noyabrın 26-da günorta saatlarında İsrail təyyarələri oktyabrın 12-də əvvəlki hava hücumundan sonra fəaliyyətini təzəcə bərpa etmiş Dəməşq Beynəlxalq Hava Limanına növbəti dəfə zərbə endirib. Nəticədə ölkənin hava limanının fəaliyyəti yenidən qeyri-müəyyən müddətə dayandırılıb və orada uçan mülki təyyarələr təcili Suriyanın digər aerodromlara yönləndirilib.
“Biz Suriya ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Biz İsrailin Suriyanın mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu şiddətlə qınayırıq”, - o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, bu cür hərəkətlər xüsusilə Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləşməsi və bunun nəticəsində regional gərginliyin artması kontekstində son dərəcə təhlükəli nəticələrlə doludur.