"ING Group" idxal inflyasiyasının Azərbaycana təsirini açıqlayıb

Tarix: 01 Apr 2026 10:26

Qlobal ərzaq qiymətlərində 10% artım Azərbaycanda inflyasiyanı təxminən 1.5 faiz bəndi yüksəldə bilər.

“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”dan bildirilib.

Qeyd olunub ki, ölkənin idxalının təxminən 46%-i inkişaf etmiş bazarlardan və Yaxın Şərq gərginliyindən təsirlənən regionlardan formalaşır ki, bu da iqtisadiyyatı idxal inflyasiyasına qarşı həssas edir.

ING analitikləri vurğulayıb ki, inflyasiya riskləri yüksək olaraq qalır və qiymət artımına həm xarici, həm də daxili amillər təsir göstərir. Xüsusilə, qlobal ərzaq bazarındakı bahalaşma və daxili kommunal tarif artımları inflyasiya təzyiqlərini gücləndirən əsas faktorlar kimi qiymətləndirilir.

Qeyd edilib ki, 2024-cü ildə aşağı inflyasiya dövründən sonra qiymət artımı 2025-ci ildən etibarən 5–6% intervalına yüksəlib və bu səviyyədə qalır. 2026-cı ilin əvvəlində isə daxili tarif dəyişiklikləri fonunda inflyasiya daha da sürətlənib.

Bu şəraitdə, ING monetar siyasətin daha da yumşaldılması üçün əlavə imkan görmür. Bankın fikrincə, inflyasiya üzrə yuxarı risklərin davam etməsi faiz dərəcələrinin endirilməsi imkanlarını məhdudlaşdırır.

Hesabatda həmçinin qeyd olunub ki, idxalın strukturunda Yaxın Şərqdəki geosiyasi gərginlikdən təsirlənən regionların payının yüksək olması Azərbaycanın qiymət sabitliyi üçün əsas risk faktorlarından biri olaraq qalır.

Rahim Tarıverdiyev ING Group idxal inflyasiyası Azərbaycan ərzaq qiymətləri bahalaşma

Xəbər Lenti