Peterburqun Qələbə meydanında Leninqradın müdafiəsində iştirak edən azərbaycanlıların xatirəsi anılıb - FOTO

Tarix: 28 Nov 2023 04:29

Rusiyanın şimal paytaxtında ikinci dünya müharibəsində faşizm üzərində qələbədə azərbaycanlıların rolu haqqında mədəni maarifləndirici tədbir keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburq Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Qələbə Muzeyində keçirilən "Leninqrad qəhrəmanları: Vətənin müdafiəsində azərbaycanlıların şücaəti" adlı tədbirdə Peterburq administrasiyasının, qanunvericilik məclisinin, Azərbaycanın Baş konsulluğunun, diasporumuzun, şəhər ictimayyətinin nümayəndələri və 1941-1944-cü illərin blokadasının şahidləri iştirak ediblər.

Leninqradın mühasirəsinin yarılmasının 80 illiyinə həsr olunan və "Leninqradın azad olunmasında SSRİ xalqları" mədəni maarifləndirici layihəsi çərçivəsində baş tutan tədbirdə İkinci Dünya Müharibəsi illərində azərbaycanlıların Leninqradın müdafiəsində mühüm rolu xatırlanıb. Qeyd olunub ki, minlərlə azərbaycanlı şəhərin faşist blokadasından azad edilməsində fəal iştirak edib. Onların bir çoxu qəhrəmanlıq göstərmiş, buna görə orden və medallarla təltif edilmiş, adları “Sankt-Peterburqun xatirə kitabı”na ​​salınmışdır.

Sankt-Peterburq administrasiyasının millətlərarası münasibətlər və miqrasiya siyasəti komitəsinin sədri Oleq Kapitanov çıxışında faşizm üzərində qələbədə Azərbaycanın rolunun şübhəsiz böyük olduğunu söyləyib: "Azərbaycan nefti müharibə illərində hərbi texnikaların təchizatında ilk sırada olub. Ümumiyyətlə, azərbaycanlılar bu ümumi qələbədə çox iş görüblər. Ona görə də, bu qələbə bütün sovet xalqının qələbəsidir. Bu gün Peterburqun Azərbaycan Milli Mədəni Muxtariyyəti şəhər üçün çox böyük işlər görür. Azərbaycan diasporu şəhərin inkişafına böyük əmək sərf edir, töhvə verir".

Peterburq qanunverici məclisinin deputatı Pavel Krupnik isə bildirib ki, azərbaycanlıların Leninqradın blokadasının yarılmasında və ümumilikdə faşizm üzərində qələbədə rolunu qiymətləndirmək çətindir:" Sözsüz ki, azərbaycanlı qəhrəmanların, iki dəfə Sovet İttifaqı adını almış qəhrəmanların olması həqiqətən təsirləndirir. Onlar həqiqi döyüşçü və əsl vətənpərvər olublar. Onların adları heç vaxt unudulmayacaq. Onların xatirəsini Peterburq sakinləri hər zaman anır, xatırlayır. Bu möhtəşəm tədbirə görə Vaqif Məmişova təşəkkürümü bildirirəm. Belə müqəddəs məkanda bizim toplaşmağımız simvolik məna daşıyır. Bizim tariximiz xalqlarımızı birləşdirir. Çünki bu, biz qardaş xalqların ümumi tarixidir".

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov belə bir möhtəşəm muzeydə Leninqradın blokadasının yarılmasında iştirak edən azərbaycanlılara həsr olunan tədbirin keçirilməsinin sevindirici hal olduğunu söyləyib: "Sankt-Peterburq rəhbərliyinin bu tədbirdə iştirakı bizim üçün çox xoşdur. Bu tədbirdə bir daha sübut olundu ki, ölkəmiz və xalqımız sovet dönəmində, blokada dövründə çox böyük işlər görüb, şücaət göstərib. Bu gün isə bu şəhərdə yaşayan və fəaliyyət göstərən azərbaycanlılar öz əməyi və zəhmətləri ilə Sankt-Peterburqun inkişafına öz töhvələrini verirlər".

Sankt-Peterburq və Leninqrad Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov bildirib ki, tədbir azərbaycanlıların Leninqradın müdafiəsində göstərdikləri qəhrəmanlıqların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu kimi tədbirlərin keçirilməsi gənc nəsildə vətənpərvərlik hisslərinin və qürurunun formalaşmasına töhfə verir: " Azərbaycanın müharibə illərində ordunu yanacaqla təmin etməsi faşizm üzərində qələbədə çox mühüm rol oynayıb. Azərbaycan nefti olmasaydı müharibəni udmaq çox çətin olardı. Bu tarixi faktdır, bunu heç kəs inkar edə bilməz. Bu gün biz, Peterburq azərbaycanlıları olaraq fəxr edirik ki, azərbaycanlılar vaxtı ilə bu şəhərin faşist mühasirəsini yarmasında, azad edilməsinə iştirak edib, qəhrəmanlıq göstəriblər. Bu gün Peterburq azərbaycanlılar üçün çox doğma şəhərdir. Həm də ona görə doğma şəhərdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev bu şəhərdə təhsil alıb".

Tədbirdə çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin Peterburq şəhərindəki nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, şəhər administrasiyasının xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov və digər natiqlər bugünki tədbirin tarixi yaddaşın qorunması istiqamətində mühüm addım olduğunu vurğulayıblar. İştirakçılar tərəfindən İkinci Dünya Müharibəsinin ağır illərində azərbaycanlıların şücaətinə heyranlıq və ehtiram ifadə olunub. Qeyd olunub ki, tədbir ictimai şüura, Peterburqun və bütövlükdə Rusiyanın mədəni irsinə mühüm töhfə olub.

Eyni zamanda tədbir çərçivəsində azərbaycanlıların Leninqrad blokadasının yarılmasında və ümumilikdə faşizm üzərində qələbədə oynadığı rola dair tarixi faktları nümayiş etdirən təqdimat da keçirilib.

Xəbər Lenti