Baş nazir Ünal Üstel: Şimali Kipr Türk dövlətidir və bu səbəbdən TDT-yə daimi üzv olması zəruridir - MÜSAHİBƏ

Tarix: 03 Apr 2026 12:45

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstelin APA-ya müsahibəsi

Əlaqələrin daha da gücləndiyini görürük

- İlk sualım Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərlə bağlıdır. Siz bunu necə qiymətləndirirsiniz və bu münasibətlərin daha da inkişafı üçün hansı addımları atırsınız?

- Biz Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduqdan sonra Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındakı bağların güclənməsi üçün bir sıra təşəbbüslər həyata keçiririk. İlk növbədə bunu qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası və bizim Şimali Kipr Türk Respublikası olaraq təmsil olunduğumuz Ulusal Birlik Partiyası arasında üçtərəfli protokol imzalanıb. Bu protokol nəticəsində əvvəlcə partiyalar arasında yaxınlaşma yaranıb. Daha sonra isə üç xalqı bir-birinə necə daha da yaxınlaşdıra biləcəyimizi müzakirə edirik. Gənclər, idman sahəsi, iqtisadiyyat və iş dünyası üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılır. Görürük ki, həyata keçirilən fəaliyyətlər nəticəsində hər keçən gün həm turizm sektoru nümayəndələri, həm də iş dünyasının təmsilçiləri bir araya gəlir və əlaqələr daha da güclənir.

Və yavaş-yavaş həm turizm, həm də ticarət sahəsində bir sıra təşəbbüslər başlanılıb. Bu işlərdən yaxşı nəticələr əldə olunacağına əminik və bu fəaliyyətləri azərbaycanlı qardaşlarımızla davam etdirəcəyik.

Şimali Kipr Türk Respublikası Türk dövlətidir və bu səbəbdən TDT-də müşahidəçi üzvlükdən daimi üzvlüyə keçməsi zəruridir

- Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatından gözləntiləri nədir və bu təşkilat çərçivəsində əlaqələrin inkişafı üçün hansı işlər görülür?

- Biz Türk Dövlətləri Təşkilatında olmaqdan böyük məmnunluq duyuruq. Şimali Kipr Türk Respublikası bir Türk dövlətidir və bu səbəbdən təşkilat daxilində müşahidəçi üzvlükdən daimi üzvlüyə keçməsi zəruridir. Türk Dövlətləri Təşkilatı ilə həm ticarət, həm iqtisadiyyat, həm sosial, həm idman, həm də gənclər sahəsindəki əlaqələrini gücləndirməlidir. İnsanlarımızın da daha rahat səfər edib bir-birini ziyarət etməli və mədəniyyətlərini tanımalıdır. Bu səbəbdən təşkilatın toplantılarına böyük önəm veririk. Bu, bizim üçün çox önəmlidir.

Yunan tərəfinin düşüncə tərzi dəyişmir və dəyişməyəcək

- Kipr məsələsinin iki dövlətli həll perspektivi haqqında nə düşünürsünüz? Sizcə, bu model realdırmı? Yunan Kipri ilə dialoq və sülh prosesində hansı təşəbbüsləriniz var?

- Bizim Şimali Kipr Türk Respublikasında yaşayan xalqımız 20 iyul 1974-cü ildə həyata keçirilən Kipr Barış Hərəkatından sonra azadlığa qovuşub, iki fərqli bölgədə yaşamaq üçün isə 50 il mübarizə aparılıb. Görürük ki, Rum tərəfinin düşüncə tərzi dəyişmir və dəyişməyəcək. Buna görə də bundan sonrakı prosesdə Türkiyə Cümhuriyyəti ilə danışaraq 2020-ci ildən bəri iki dövlətli həll prinsiplərini ortaya qoymuşuq. Biz inanırıq ki, əgər iki dövlət əsasında bərabər və suverenlik prinsipi təmin edilməsə, Kipr məsələsində həll mümkün olmayacaq. Hazırda isə Şimali Kipr Türk Respublikasında sülh mövcuddur. Bizim istədiyimiz həll budur.

- TDT ölkələri ilə birgə iqtisadi və infrastruktur layihələrində Şimali Kipr Türk Cümhuriyyətinin iştirak imkanları və planları nədir?

- Ümumiyyətlə, bizim TDT daxilində Yeni İpək Yolunun inkişafı ilə bağlı konkret baxışımız var. Yeni İpək yolu layihəsinin bir hissəsi olmaq bizim üçün strateji əhəmiyyət daşıyır. Bu məsələ Türk Dövlətləri Təşkilatının gündəmində də xüsusi yer tutur və Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün bizi qəbul edəndə bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu marşrutun inkişafı üçün daha sürətli və koordinasiyalı fəaliyyət göstərmək zəruridir.

Türk Cümhuriyyəti Aralıq dənizində yerləşən strateji ada kimi İpək yolu üzərində mühüm rol oynaya bilər. Bu baxımdan, həm Türk Dövlətləri Təşkilatı, həm Türkiyə, həm də digər tərəfdaşlar bu strateji mövqedən effektiv şəkildə istifadə edə bilərlər. Bu, region üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər.

- Türk dünyasında regional təhlükəsizlik və sabitlik məsələlərində Şimali Kiprin rolu necə qiymətləndirilə bilər? - Bölgədəki münaqişələrdən sonra təhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət kəsb edir. Türk Cümhuriyyəti strateji ticarət yollarının üzərində yerləşir və həm hava limanları, həm də dəniz limanları vasitəsilə mühüm logistika imkanlarına malikdir. Bu imkanlar vasitəsilə həm Türkiyə ilə, həm də Azərbaycanla əlaqələr daha da gücləndirilə bilər. Nəticədə, ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq və digər sahələrdə qarşılıqlı əlaqələri daha da gücləndirmiş olarıq.

İlqar Xudiyev

Xəbər Lenti