Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinin sayı bilinib

Tarix: 17 Apr 2026 11:35

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəmizin strukturunda mühüm yer tutur.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib. O qeyd edib ki, ötən il Azərbaycan ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 4 milyard 200 milyon ABŞ dollarını ötüb və sabit artım nümayiş etdirib:

“Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biridir. 2025-ci ilin yekunlarına görə, Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 837 milyon ABŞ dollarını ötüb, meyvə-tərəvəz tədarükü isə təxminən 31% artıb. Eyni zamanda, Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalı 830 milyon ABŞ dollarından çox olub.

Azərbaycan şirkətləri Rusiyada keçirilən iri sahəvi sərgilərdə mütəmadi iştirak edirlər. Bu, yerli məhsulların yüksək ixrac potensialını və Rusiya bazarında mövqelərin daha da möhkəmləndirilməsinə olan marağı təsdiqləyir.

İnvestisiya əməkdaşlığı Azərbaycan-Rusiya gündəliyində xüsusi yer tutur. 2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitallı 2100-dən çox kommersiya strukturu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu fəal fəaliyyət göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, farmasevtika və xidmət sahələri daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında təmsil olunurlar”.

Ş.Mustafayev deyib ki, Rusiyadan Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 10,7 milyard ABŞ dolları təşkil edib: “Bunun 2,9 milyard dolları neft-qaz sektoruna yönəldilib. Əməkdaşlıq xüsusilə sənaye sahəsində praktiki məzmun qazanıb. Azərbaycanda aparıcı Rusiya istehsalçıları ilə birgə layihələr ardıcıl şəkildə həyata keçirilir. Müxtəlif növ avtomobil texnikasının, o cümlədən avtobusların, yük və minik avtomobillərinin istehsalı və yığılması təşkil olunub”.

Əşrəf Mehdiyev şirkətlər Rusiya

Xəbər Lenti