Koreya Azərbaycanda xəzinədarlıq sisteminin yaradılmasına dəstək verəcək

Tarix: 17 Apr 2026 16:50

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti 12-17 aprel tarixlərində Koreya Respublikasının Seul şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət maliyyəsinin rəqəmsal idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl texnoloji həllərin tətbiqi məqsədilə seminar və təlimlər keçirilib.

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbir çərçivəsində İnteqrasiya olunmuş Maliyyə İdarəetmə Sistemləri (IFMIS) üzrə texniki potensialın artırılması, müasir rəqəmsal xəzinədarlıq həllərinin öyrənilməsi, qabaqcıl “dBrain+” platformasının funksional imkanları və texniki məsləhət layihələrinin hazırlanması məsələləri müzakirə edilib. Eyni zamanda, dövlət maliyyə nəzarəti və xəzinədarlıq proseslərinin rəqəmsallaşdırılması üzrə beynəlxalq təcrübə və innovativ texnoloji yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə arasında dövlət maliyyəsinin rəqəmsal idarə olunması üzrə əməkdaşlıq çərçivəsində Koreyanın dəstəyi ilə cari il ərzində Azərbaycanda yeni nəsil xəzinədarlıq informasiya sisteminin yaradılması, eləcə də maliyyə nəzarəti xidmətinin rəqəmsallaşdırılması məqsədilə “e-Nəzarət” informasiya sisteminin tətbiqi istiqamətində məsləhətçi dəstəyinin göstərilməsi nəzərdə tutulur. Sözügedən təşəbbüslər dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi və operativ qərar qəbuletmə imkanlarının genişləndirilməsinə xidmət edir.

Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən bu təşəbbüs dövlət maliyyəsinin idarə olunması sisteminin müasirləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və institusional potensialın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Rahim Tarıverdiyev xəzinədarlıq sistemi

Xəbər Lenti