Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 09:25
ABŞ və İran arasında elan olunmuş atəşkəsə baxmayaraq, neft bazarında qeyri-müəyyənlik qalır və qiymətlər üzrə risklər artım istiqamətindədir.
“APA-Economics” xəbər verir ki, bu barədə "Goldman Sachs"ın təhlilində bildirilib.
Hesabatda qeyd olunur ki, əsas ssenari üzrə Hörmüz boğazı vasitəsilə neft axınlarında 6 həftəlik fasilə və sonradan tədricən bərpa nəzərdə tutulsa da, faktiki olaraq atəşkəsə baxmayaraq axınlar aşağı səviyyədə qalır və danışıqlar razılaşma ilə nəticələnməyib. Bu səbəbdən Körfəz ixracında daha uzunmüddətli fasilə və neft qiymətlərinin daha yüksək səviyyəyə yüksəlməsi riski qiymətləndirilir. Mənfi ssenaridə 2026-cı ilin IV rübündə Brent markalı neftin qiymətinin 100 dollar, daha ağır ssenaridə isə 115 dollar səviyyəsində qalacağı gözlənilir.
Bank müharibə fonunda inflyasiya proqnozlarını da artırıb. Belə ki, 2026-cı ilin dekabrı üzrə ABŞ-da illik inflyasiya 1 faiz bəndi artırılaraq 3.1%-ə, əsas inflyasiya isə 0.3 faiz bəndi artırılaraq 2.5%-ə yüksəldilib. Eyni zamanda, aprel ayında benzin qiymətlərinin artımı fonunda inflyasiyanın 3.6%-ə qədər yüksələrək pik həddə çatacağı gözlənilir.
Təhlilə əsasən, inflyasiyaya əsas təsir enerji xərclərinin ötürülməsi ilə bağlıdır. Xüsusilə avia biletlərdə qiymət artımı daha sürətli baş verir. ABŞ-da reaktiv yanacağın qiymətinin fevraldan bəri 83% artması bu istiqamətdə təzyiqi gücləndirir. Bununla yanaşı, enerji ilə bağlı olmayan Körfəz məhsullarının – xüsusilə gübrə və digər xammalların – bahalaşması ərzaq qiymətlərinin təxminən 1.5% artmasına səbəb ola bilər.
Eyni zamanda, bank ABŞ iqtisadi artımı üzrə proqnozlarını aşağı salıb. 2026-cı ilin IV rübü üzrə istehlak artımı proqnozu 2%-dən 1.2%-ə endirilib. Bildirilir ki, yanacaq xərclərinin artması real gəlirləri azaldır və xüsusilə avtomobil, istirahət və digər qeyri-zəruri xərclərə mənfi təsir göstərir.
Maliyyə şərtlərinin sərtləşməsi də iqtisadi aktivliyə təsir etsə də, bu təsirin əvvəlki müharibələrlə müqayisədə daha məhdud olduğu qeyd edilir. Maliyyə şərtləri indeksi pikdə 75 baza bəndi sərtləşsə də, hazırda bu göstərici xalis olaraq 25 baza bəndi səviyyəsindədir.
Hesabatın müəllifləri bildirir ki, mövcud şəraitdə əsas risklər neft qiymətlərinin yüksəlməsi, inflyasiya təzyiqlərinin güclənməsi və iqtisadi artımın zəifləməsi ilə bağlıdır.
Rahim Tarıverdiyev Goldman Sachs neft ABŞ İran Hörmüz