Dolayı və birbaşa gömrük təmsilçiliyi və reyestr yaradılması, lisenziyanın ləğv edilməsi təklif olunur

Tarix: 28 Apr 2026 18:18

Gömrük təmsilçiliyi yenidən instututlaşdırılır, “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəzlənir, reyestr yaradılacaq, birbaşa gömrük təmsilçiliyi olacaq, bu sahə üçün lisenziya tələbi ləğv ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçirilən iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, “dolayı gömrük təmsilçisi” olmaq üçün müvafiq reyestrə daxil olma şərtdir. “Dolayı gömrük təmsilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar dolayı gömrük təmsilçiliyi hüquqi şəxslər tərəfindən həyata keçiriləcək. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, dolayı gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirəcək və onun kimi məsuliyyət daşıyacaq. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri bəyannaməçi qismində dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs tərəfindən gömrük orqanına elektron formada təqdim olunacaq.

Layihəyə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif olunan dəyişiklik bu daşıyıcıya tələbin sadələşdirilməsini, daşıyıcı ola biləcək şəxslərin dairəsinin genişləndirilməsini və lisenziyanın ləğvini ehtiva edir. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı alınacaq.

Firuzə Vahid gömrük reyestr

Xəbər Lenti