Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 16:43
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində 2025-ci il üzrə FMG (Facility Management Group) şirkətinin əldə etdiyi nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlərə həsr olunan tədbir keçirilib.
Bu barədə APA-ya Bakı Psixologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə şirkətin rəhbər heyəti, müxtəlif struktur bölmələrinin rəhbərləri və əməkdaşları ilə yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Əlibala Əlizadə, Bakı Psixologiya Mərkəzinin direktoru Turhan Səttərov, mərkəzin layihə rəhbəri Nərmin Osmanlı və qonaqlar iştirak ediblər.
Bakı Psixologiya Mərkəzinin layihə rəhbəri Nərmin Osmanlı “İş yerində psixi sağlamlıq və psixososial rifah” mövzusunda çıxış edib. O, psixi sağlamlığın yalnız fərdi rifah məsələsi deyil, təşkilati effektivlik, əməkdaş bağlılığı, performans və təşkilati dayanıqlılıq baxımından da strateji əhəmiyyət daşıdığını vurğulayıb. Təqdimat zamanı iş mühitində psixoloji təhlükəsizlik, sağlam iş mühitinin əsas komponentləri, psixososial risk faktorları və bu risklərin idarə olunmasına sistemli yanaşmanın vacibliyi müzakirə edilib. Psixososial rifahın qorunması üçün profilaktik tədbirlər, dəstək mexanizmləri, liderlik yanaşması və psixososial dəstək xidmətlərinin təşkilati səviyyədə inteqrasiyasının rolu diqqətə çatdırılıb.
Tədbirin sonunda SƏTƏMM sahəsində yüksək nəticələr göstərən və təhlükəsizlik qaydalarına nümunəvi əməl edən bir qrup əməkdaş təşəkkürnamə ilə təltif olunub.
Bakı Psixologiya Mərkəzi tədbir
