Bazar, 25 Oktyabr, 2026
Tarix: 24 Oct 2026 23:06
Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş abı-hava və əyləncəli proqramla yadda qalıb.
APA xəbər verir ki, Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim ediblər.
Ziyarətçilərin festivala olan marağı nəzərə alınaraq tədbir məkanında səhər saatlarından axşamadək əyləncəli proqram təşkil olunub. Gün ərzində bulvarda səslənən musiqi, tanınmış sənətçilərin çıxışları festivalın bayram ovqatını tamamlayıb.
DJ Kamonun enerjili musiqi seçimləri ilə başlayan festivalın ikinci günü daha sonra sevilən ifaçı Rilayanın çıxışı ilə davam edib. Səhnəyə çıxan növbəti tanımış müğənni Mərdan Kazımov olub.
Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısında populyar hitlərini ifa ediblər.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.
Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsizdir.
Festival oktyabrın 25-də də davam edəcək. Həmin gün pavilyonlarla tanışlıqla yanaşı, Xalq artisti Aygün Kazımova, Azad Şabanov, Zamiq Hüseynov, Teymur Süleymanbəyli, “Excellent band” və “Wave band” qruplarının konserti olacaq.
İlkin Naib


















Mənbə: apa.az