Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 15:35
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması Üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS - Network of Central Banks and Supervisors for Greening the Financial System) tamhüquqlu üzv kimi qəbul olunub.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, Mərkəzi Bank şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirak edəcək, iqlim ssenarisi təhlili, yaşıl maliyyə, iqlim stres-testləri, eləcə də dayanıqlılıq amillərinin pul siyasəti və prudensial nəzarət çərçivələrinə inteqrasiyası sahələrində kollektiv tədqiqatlara həm töhfə verəcək, həm də onlardan faydalanacaq.
Mərkəzi Bankın bu şəbəkəyə qoşulması onun dayanıqlı maliyyə gündəliyinin, o cümlədən Yaşıl taksonomiyanın tətbiqi, yaşıl istiqraz bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim riskləri ilə bağlı açıqlamalarının tətbiqinin dərinləşdirilməsini şərtləndirəcəkdir. Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası istiqamətində əsas təşəbbüslərdən biri olan bu üzvlük həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsindəki milli öhdəlikləri və iqtisadiyyatın yaşıl, dayanıqlı inkişaf istiqamətində transformasiyası üzrə siyasəti ilə də uzlaşır.
Qeyd edək ki, NGFS dünyanın müxtəlif ölkələrindən mərkəzi bankları və nəzarət orqanlarını bir araya gətirərək maliyyə sektorunda ətraf mühit və iqlim risklərinin idarə olunmasının inkişafına töhfə vermək, bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləmək üçün maliyyə axınlarının səfərbər olunmasını hədəfləyən qlobal şəbəkədir.
Mərkəzi Bank bundan sonra da beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı inkişaf etdirərək qlobal çağırışlara uyğun siyasətlərin formalaşdırılmasını davam etdirəcək.
Rahim Tarıverdiyev AMB Mərkəzi Bank NGFS