Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 16:37
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomas Okampo ilə bağlı yayılan videomateriallar Avropa siyasi institutlarında baş verən proseslərə dair ciddi suallar doğurur.
Reallıqları üzə çıxaran etiraflar
Milli Məclisin deputatı Soltan Məmmədov APA-ya açıqlamasında deyib ki, bu görüntülərdə səsləndirilən fikirlər və açıq etiraflar Avropa Parlamentində və ümumilikdə Avropa İttifaqı strukturlarında müxtəlif lobbi qruplarının təsir imkanlarının hansı səviyyəyə çatdığını nümayiş etdirir. Xüsusilə erməni lobbi şəbəkələrinin fəaliyyəti və onların siyasi qərarların formalaşmasına təsir cəhdləri bu kontekstdə diqqət mərkəzinə çıxır: “Bu cür açıqlamalar beynəlxalq hüquq və siyasi institutların fəaliyyətinə olan etimadı sarsıdan mühüm faktorlardandır. Uzun illərdir müşahidə olunan, lakin konkret sübutlarla təsdiqlənməsi çətin olan proseslər artıq açıq şəkildə ifşa olunur. Bu isə beynəlxalq sistemdə şəffaflıq və hesabatlılıq mexanizmlərinin nə qədər zəif olduğunu göstərir".
Avropa institutlarında lobbiçilik və təsir mexanizmləri
Deputat vurğulayır ki, yayılan materiallar Avropa Parlamenti daxilində müxtəlif lobbi qruplarının koordinasiyalı fəaliyyətini ortaya qoyur. Bu fəaliyyət yalnız fikir formalaşdırmaqla məhdudlaşmır, eyni zamanda siyasi qərarların istiqamətləndirilməsinə, müəyyən dövlətlərə qarşı mövqe formalaşdırılmasına qədər uzanır: “Bu kontekstdə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Cozep Borrellin adı ətrafında səsləndirilən iddialar xüsusi diqqət çəkir. Bu da onun rəhbərlik etdiyi dövrdə Azərbaycana qarşı sərgilənən mövqelərin obyektivliyi ilə bağlı ciddi suallar yaradır. Bu kimi hallar təkcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə Avropa institutlarının nüfuzuna ciddi zərbə vurur. Avropa siyasətində belə halların mövcudluğu qərarların obyektiv əsaslarla deyil, müəyyən maliyyə və siyasi maraqlar çərçivəsində qəbul edildiyini göstərir. Bu isə demokratik institutların fəaliyyət prinsipləri və Avropa dəyərləri ilə ziddiyyət təşkil edir”.
“Insan hüquqları” ritorikasının alətə çevrilməsi
Soltan Məmmədov bildirir ki, Azərbaycana qarşı illərdir səsləndirilən “insan hüquqları” ittihamlarının məhz bu cür lobbi fəaliyyətlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu mövzu bəzən obyektiv reallıqları əks etdirmək üçün deyil, siyasi təzyiq aləti kimi istifadə olunur: “Beynəlxalq hüququn və insan hüquqları prinsiplərinin selektiv tətbiqi bu anlayışların mahiyyətini zədələyir. Əgər eyni standartlar bütün ölkələrə tətbiq olunmursa, bu, artıq hüququn deyil, siyasi maraqların üstünlük təşkil etdiyini göstərir. Bu baxımdan Luis Moreno Okampo və oğlunun etirafları bir daha sübut edir ki, müəyyən dairələr hüquqi arqumentlərdən manipulyasiya vasitəsi kimi istifadə edir”.
Regional proseslərə müdaxilə cəhdi
Deputat qeyd edib ki, yayılan görüntülərdə Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək cəhdləri də açıq şəkildə görünür: “Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı səsləndirilən fikirlər bu müdaxilə cəhdlərinin miqyasını göstərir. Bu cür yanaşmalar yalnız bir ölkənin daxili işlərinə qarışmaq demək deyil, həm də regionda sabitliyə ciddi təhdid yaradır. Xarici qüvvələrin siyasi proseslərə təsiri münaqişələrin dərinləşməsinə və yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Bu isə həm Azərbaycan, həm də Ermənistan üçün arzuolunmaz nəticələr doğura bilər. Bu cür ssenarilər eyni zamanda Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə qarşı yönəlmiş addımlar kimi də qiymətləndirilməlidir. Regionda dayanıqlı sülhün təmin olunması üçün xarici müdaxilələrin minimuma endirilməsi vacibdir”.
Avropa strukturlarında korrupsiya
Soltan Məmmədov vurğulayır ki, Luis Moreno Okampo və oğlunun etirafları Avropa strukturlarında korrupsiyanın səviyyəsi ilə bağlı da ciddi narahatlıqlar yaradır: “Bu, Avropa İttifaqının idarəetmə sistemində sistemli problemlərin mövcudluğunu göstərir. Korrupsiya yalnız iqtisadi deyil, həm də siyasi qərarların keyfiyyətinə təsir edən əsas faktorlardan biridir. Əgər qərarlar korrupsiya mexanizmləri vasitəsilə formalaşdırılırsa, bu zaman onların legitimliyi və ədalətliliyi şübhə altına düşür. Bu isə Avropa İttifaqının qlobal nüfuzuna ciddi zərbə vurur. Baş verən hadisələr fonunda Avropa Parlamenti və digər Avropa institutları susqun mövqe tutmamalıdır. Bu cür ciddi ittihamların araşdırılması və ictimaiyyətə aydın izahların verilməsi vacibdir. Şəffaflıq və hesabatlılıq prinsipləri yalnız bəyanatlarda deyil, real addımlarda da öz əksini tapmalıdır. Əks halda, bu cür qalmaqallar Avropa institutlarına olan inamı daha da zəiflədəcək və onların beynəlxalq nüfuzuna xələl gətirəcək. Beynəlxalq ictimaiyyət də bu məsələyə biganə qalmamalı, hüququn aliliyinin qorunması üçün prinsipial mövqe sərgiləməlidir. Bu etiraflar Avropa siyasətində mövcud olan problemlərin yalnız bir hissəsini üzə çıxarır. Bu faktlar beynəlxalq hüquq sistemində və siyasi institutlarda ciddi islahatlara ehtiyac olduğunu bir daha təsdiqləyir”.
Soltan Məmmədov Avropa Okampo