Cümə, 1 May, 2026
Tarix: 01 May 2026 11:13
Fransanın bütün koloniyalarında – Reyunyon, Kanaki (Yeni Kaledoniya), Qvadelupa, Martinika, Qvianada gənclər sürətlə artan yoxsulluq, pisləşən fiziki və psixoloji sağlamlıq və artan zorakılıqla üz-üzədir.
APA xəbər verir ki, bunu Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumun iştirakçılarından olan Taristas Orlane deyib.
“Reyunyon 400 ildir ki, zülm altındadır: Bu təzyiqi bizim gəncliyimiz hər gün yaşayır. Fransa işğalı altında olan Afrika torpağı kimi Reyunyonda gənclər arasında işsizlik 24%-ə çatır. Eyni vəziyyət Mayotda da mövcuddur – Komor adalarından qoparılmış bu ərazi bu gün Fransanın ən kasıb departamentidir və 15–24 yaş arası gənclərdə işsizlik 59%-ə çatır”, - o bildirib.
Taristas Orlane qeyd edib ki, bu, cəmiyyətləri iqtisadi və geosiyasi maraqlar naminə bilərəkdən zəiflədən və yoxsullaşdıran imperialist sistemin nəticəsidir: “Kolonial zorakılıq yeni deyil. 1962–1984-cü illər arasında Fransa dövləti 1600-dən çox reyunyonlu uşağı ailələrindən ayıraraq Fransanın kənd bölgələrinə deportasiya edib. Bu uşaqlar zorla valideynlərindən, adalarından, dillərindən və mədəniyyətlərindən ayrılıb. Zorakılıq kolonializmin reallığıdır. Bu reallıq dərsliklərdə əks olunmur, amma gəncliyimiz bunu bilməlidir. Bu gün də bu kolonial məntiqi gəncliyin hərbiləşdirilməsi ilə görürük. RSMA (Uyğunlaşdırılmış Hərbi Xidmət Alayı) gənclərimizi gələcək perspektiv olmadan kütləvi şəkildə Fransa ordusunun xidmətinə verir. Kolonial dövlət ən həssas gəncləri seçərək onları öz hərbi maşınına daxil edir. Təhsilini davam etdirən gənclər üçün də sistem eyni kolonial məntiqi tətbiq edir. Adada kifayət qədər imkan olmadığı üçün getmək məcburiyyətə çevrilir, seçimə yox. Təhsil aldıqlarından sonra isə gənclər maneələrlə üzləşir: geri qayıtmaq baha başa gəlir, ixtisaslı iş imkanları azdır və yerli əmək bazarı məhduddur. Bu, Reyunyonun intellektual potensialının axınına səbəb olur. Amma biz inanırıq ki, dünyada gənclik ayağa qalxır. Peruda, Mərakeşdə, Madaqaskarda və digər yerlərdə Z nəsli imperialist sistemə boyun əyməkdən imtina edir. Biz də bu səbəbdən buradayıq. Bizim nəsil misilsiz bir alətə malikdir ki, bu da informasiyaya çıxışdır”.
Toğrul Quluzadə Fransa koloniyalar Reyunyon Kanaki Yeni Kaledoniya Qvadelupa Martinika Qviana gənclər yoxsulluq