Cümə, 1 May, 2026
Tarix: 01 May 2026 12:14
Milli Məclis “Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar” qərar qəbul edib.
APA-nın xəbərinə görə, qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutur, parlament dəyərlərinə və ortaq maraqlara əsaslanan açıq, səmimi və konstruktiv dialoqu təşviq edir.
Bildirilib ki, təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri inkar edən destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilib:
“Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdır. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək, əməkdaşlığı yenidən bərpa edib.
Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməmiş, özünün anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət alıb. Prezident İlham Əliyevin özünün müəyyən etdiyi sülh gündəliyinin onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla reallaşdırılması və tarixi Vaşinqton razılaşmaları ilə nəticələnməsi, dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması bu qurumun anti-Azərbaycan ritorikasını daha da gücləndirmişdir. Təkcə onu demək kifayətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə saxta məlumatları, yalan iddiaları və absurd ittihamları əks etdirən 10-dan artıq qətnamə qəbul etmişdir. Avropa Parlamentinin COP29 ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunması da yaddan çıxarılmamalıdır.
Bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilib. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir”.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Milli Məclis aşağıdakı qərarları qəbul edib:
- Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.
- Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.
- Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.
***
saat 12.05
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edilib.
APA-nın xəbərinə görə, Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətinə dair qərarını vitse-spiker Ziyafət Əsgərov oxuyub.
Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb.
Eyni zamanda, Milli Məclisin Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlanılacaq.
Həmçinin, Milli Məclisin Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsində iştirakına son qoyulur.
***
saat 11.32
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb.
APA xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva və Səbinə Xasayeva olub.
***
saat 11.15
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədlərlə bağlı münasibətləri dayandırmağa məcbur olub, Avropa Parlamentinin səylərindən sonra 2016-cı ilin sentyabrında münasibətlərin bərpasına dair qərar verilib.
“Təəssüf ki, ötən 10 il Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək niyyətində olmadığını göstərib. Ərazi bütövlüyümüzün bərpası Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini daha da aktivləşdirib. Bütün bunlar həmin qurumun əslində hansı parametrlər əsasında fəaliyyət göstərdiyini ortaya qoyur”, - spiker qeyd edib.
***
saat 11.02
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
APA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Avropa Parlamenti 30 aprel tarixində Azərbaycanla bağlı qətnamə qəbul edib.
Firuzə Vahid Milli Məclis Avropa Parlamenti Azərbaycan bəyanat Sahibə Qafarova